"Əsas komandada bir nəfər də rusiyalı yoxdur və ola da bilməz"

"Əsas komandada bir nəfər də rusiyalı yoxdur və ola da bilməz"

"Bəzi KİV-lər yazıb ki, guya mən Moskvaya gedəcəyəm. Bu, ağlasığmazdır. Əsas komandada bir nəfər də rusiyalı yoxdur və ola da bilməz".

"Mediasport" xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Venridub deyib.

Ukraynalı mütəxəssis "sport.ua"ya müsahibəsində bəzi maraqlı məqamlardan danışıb. O, əvvəlcə qarşısına qoyulan hədəfdən söz açıb:

"Azərbaycanda “Neftçi” Ukraynadakı “Dinamo” kimidir, ona görə də hədəflər həmişə ən yüksəkdir. Qızıl medallara çatmaq çətin olacaq, amma hər oyunda qalib gəlməyə çalışacağıq ki, mümkün qədər yüksək pilləyə qalxaq. Futbolçular bunu başa düşürlər".

Vernidub "Qarabağ"ın üstünlüyü fonunda  “Neftçi”ni zirvəyə qaytarmağın mümkünlüyünü belə izah edib:

"Niyə rəqibin əhvalını pozmayaq ki? (gülür). Mən bu çağırışı ona görə qəbul etmişəm. Bura gəlib tanınmış klubda işləmək mənə maraqlı idi. “Neftçi” hazırda olmalı olduğu mövqedə deyil. Bu, məşqçi korpusumuz üçün stimuldur. Hər şey mümkündür".

Ölkəsi Rusiya ilə müharibə şəraitində olan çalışdırıcı "Neftçi" akademiyasının Moskva "Lokomotiv"i ilə əməkdaşlığına da şərh verib:

"Bu əməkdaşlıq müqaviləsi uşaq akademiyaları arasında imzalanıb. Bu, klubun hüququdur. Mənim bununla heç bir əlaqəm yoxdur. Əsas komandada bir nəfər də rusiyalı yoxdur və ola da bilməz. Gənclər komandalarında isə yalnız azərbaycanlılar çıxış edirlər. Burada Ukrayna dilində danışıram və sözlərimi tərcüməçi çatdırır".