"Gəncə"nin sabiq baş məşqçisinə federasiyada vəzifə verildi
Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında (ABF) U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə "Mediasport"a ABF-dən məlumat verilib.
Mütəxəssis yeni təyinatı ilə bağlı fikirlərini bölüşüb:
"Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır.
Federasiya və digər yaş qrupları üzrə yığmaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik".
Azərbaycandakı fəaliyyətindən əvvəl Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol II Liqasında (TB2L) baş məşqçi kimi çalışmış Meriç "TED Ankara Koleji" və "Atakule Spor Akademiyası"nda aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.
O, son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/2024 mövsümündə "Gəncə", növbəti iki ildə "Şəki" klubuna rəhbərlik edib.
B.Meriçin rəhbərliyi altında "Şəki" 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb.
2025/2026 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinalına yüksəlib.

