"Deyə bilərəm ki, hakimlər "Zirə"ni çox sevirlər" - Yuri Vernidub
"Gərgin və bərabər oyun oldu. Rəqibimiz bunadək keçirdiyi hər iki matçda qələbə qazanan komanda idi. Qırmızı vərəqə epizodunu şərh etmək istəmirəm. Amma bu, "Zirə"yə qarşı 3-cü oyunum idi və deyə bilərəm ki, hakimlər "Zirə"ni çox sevirlər. Keçən oyunda da qapımıza 3 metrlik ofsayddan vurulan qolu saymışdılar...".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub "CBC Sport"a açıqlamasında deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının 3-cü turunun "Zirə" ilə səfər matçı haqda danışıb, 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Bu gün uduzduq. Futboldur, belə şeylər olur. Elə məqamlar olmadı ki, deyək, bizi sıxışdırdılar. Buna görə ruhdan düşmək lazım deyil. Təhlil etmək lazımdır ki, nə səhvlər etdik. Hələ ki, üçüncü turu oynayırıq. Hər şey qarşıdadır".
O, daha sonra mətbuat konfransında sualları cavablandırıb.
"Neftçi" 90 dəqiqə ərzində real qol vəziyyəti yaratmadı. Qalib gəlmək istəyən komanda rəqib qapısı qarşısında epizod yaratmalıdır...
- Bir az fərqli oyun seyr etmişik. Niyə yox idi? Qapıya yaxınlaşmalar var idi, sadəcə, sonluq olmadı. Amma belə məqamlar oldu.
Sanki "Dinamo" ilə oyundakı kimi oynadınız.
- Hər oyun bir-birinə bənzəmir. Biz ötən turda 5:0 qalib gəldik. Bu gün hücumlar etdik, qalib gəlmək istəyirdik. Bu dəfə belə oldu, epizodumuz az idi. Nəzərə alın ki, 20 dəqiqə 10 nəfərlə oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlar edirdik.Hər şey normaldır. Yanaşmanı bəyəndim, sona qədər oynadıq. Bir səhv etdik. O da olmalı deyildi. O qol olmasaydı, ikinci hissə başqa formatda olacaqdıq. Daha yaxşı oynamaq üçün dincəlmək, sonra oyunu təhlil edib, davam etmək lazımdır.
Birinci hissədə çəkinərək, ehtiyatlı oynadınız. "Zirə" o qədər güclüdür ki, siz ehtiyatlı oynayırdınız?
- Bir az fərqli təhlil edərdim. "Zirə"nin qol epizodları oldu birinci hissədə? Düşünürəm ki, ilk hissədə pressinq yetəri qədər olmadı. "Zirə" və biz daha çox uzun ötürmələrlə oynayırdıq. Bu isə nə onlara, nə də bizə şans gətirdi. Kim oynamadı, kim niyə vurmadı, bu, öz mətbəximizdir və bunu müzakirə edəcəyik.


