"Hədəfimiz kuboku qazanmaq olacaq" - Millimizin baş məşqçisi

 "Hədəfimiz kuboku qazanmaq olacaq" - Millimizin baş məşqçisi

"MDB Oyunlarında qrupumuzda yer alan Tacikistan və Qırğızıstan keyfiyyətli komandalardır. Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq".

"Mediasport" xəbər verir ki, bunu 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis Qəbələdə keçiriləcək III MDB Oyunlarına hazırlıqla bağlı fikirlərini bölüşüb, hədəflərinin kuboku qazanmaq olduğunu bildirib:

“Artıq iki gündür komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik.

Turnir doğma vətənimizdə keçiriləcək. Qələbələrlə və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar. Zədə ilə əlaqədar bir neçə futbolçunu dəvət edə bilməmişik. Onların əvəzinə yeni oyunçular kollektivə cəlb olunublar.

Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır. Arzumuza çatacağımıza inanıram”.

Qeyd edək ki, A qrupunda yer alan U-16 millimiz sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq.

Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.