Metro "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Metro "Qarabağ"ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Sabah Bakı Metropoliteni "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" klubu ilə cavab oyununa görə gücləndirilmiş rejimdə işləyəcək.

"Bakı Metropoliteni" QSC-dən "Mediasport"a verilən məlumata görə, paytaxtda keçirilən kütləvi-mədəni tədbirlərlə əlaqəli müvafiq əməliyyat planına uyğun olaraq, oyun günü üç stansiyada gücləndirilmiş iş qrafiki tətbiq olunacaq.

Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik", həmçinin "28 May" və "Nərimanov" stansiyalarında əlavə tədbirlər görüləcək.

Sərnişinlərin rahat daşınması, arena istiqamətində səmti düzgün müəyyən etməsi və oyun yekunlaşdıqdan sonra mənzil başına rahat çatmaları üçün əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.

Qatarlar yay qrafikinə uyğun hərəkətini davam etdirəcək. Ehtiyac yaransa, əlavə qatarlar xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq.

Xatırladaq ki, matç saat 20:00-da başlanacaq. Ağdam təmsilçisi ötən həftə Skopyedə 1:0 hesabı ilə qalib gəlib.