Bakıda keçirilən növbəti Dünya Kuboku yarışına yekun vuruldu

Bakıda keçirilən növbəti Dünya Kuboku yarışına yekun vuruldu

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub.

"Mediasport" xəbər verir ki, mötəbər yarışda 42 ölkədən 150-dən çox gimnast iştirak edib.

Üç gün davam edən birincilikdə fərdi gimnastlar halqa, top, gürzlər və lent alətləri ilə bacarıqlarını göstəriblər.

Çoxnövçülük üzrə yarışlarda Ukrayna təmsilçisi Taisiia Onofriiçuk birinci yeri qazanıb.

Qrup hərəkətləri proqramında çoxnövçülük üzrə qalib İsrail millisi olub. İspaniya ikinci, AIN 2 komandası üçüncü yeri tutub.

Halqa proqramında da qızıl medala Taisiia Onofriiçuk yiyələnib.

Top, gürzlər və lent üzrə çıxışlarda Rusiya əsilli almaniyalı Darya Varfolomeev bütün rəqiblərini qabaqlayıb.

Qrup hərəkətlərində 5 top proqramında İsrail komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

3 halqa və 2 cüt gürz proqramında İspaniya yığması rəqib tanımayıb.

Təsnifat mərhələsində ən yüksək nəticə göstərən gimnast və komanda ənənəvi qaydada “AGF Trophy” kuboku ilə təltif olunub.

Bu mükafata fərdi proqramda Darya Varfolomeev, qrup hərəkətlərində isə AIN 2 komandası layiq görülüb.