"Bakıdan qələbə ilə dönməliyik" - "Borussiya"nın xorvat baş məşqçisi
“Sabah” 2017-ci ildə yaradılıb, lakin çox ciddi və təhlükəli komandadır. Bizi həqiqətən də ağır bir qarşılaşma gözləyir. Meydanda daha iti, diri və konsentrasiyalı olmalıyıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan "Borussiya" Dortmundun (Almaniya) baş məşqçisi Niko Kovaç deyib.
Xorvatiyalı mütəxəssis sabah Bakı Olimpiya Stadionunda "Sabah"la keçiriləcək UEFA Çempionlar Liqası oyunundan öncə təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Oyunçularımıza meydanda daha böyük sürət və çeviklik lazımdır. Sabahkı matçda arzuladığımız nəticəni əldə etmək üçün rəqib qapısına daha çox və effektiv hücumlar təşkil etməliyik.
Fərdi keyfiyyətlərimizi maksimal dərəcədə oyuna əks etdirib Bakıdan qələbə ilə dönməliyik. “Sabah”ın oyunçuları üslub baxımından bizim futbolçulara oxşayırlar, buna görə də rəqib bizə qarşı çox çevik oyun nümayiş etdirə bilər".
“Budo-Qlimt” səfərində qol vura bilmədiniz və xal itirdiniz. İki matçdır qol vura bilməməyiniz sizdə narahatlıq yaratmır?
– Rəqiblərimizə böyük hörmətlə yanaşır və onları çox ciddiyə alırıq. Lakin bu matçda favorit bizik və qalib gələcəyimizə inanırıq. Motivasiyamız və heyət keyfiyyətimiz üstündür, məhz bu üstünlüklər hesabına oyunu öz nəzarətimizdə saxlayacağıq.
“Borussiya” son üç matçda qələbə qazana bilməyib. Bu situasiyadan çıxış yolunu necə görürsünüz?
– Komandaya gələndə “Borussiya” 11-ci yerdə idi, indiki vəziyyətimizi həmin dövrlə müqayisə etmək olmaz. Bremendə tam dominant oyun göstərdik, lakin matç 2:2 hesabı ilə başa çatdı. Məni narahat edən yeganə məqam son iki məğlubiyyətdir. Bununla belə, komandada lazımi oyun keyfiyyəti var və bunu sabah meydanda sübut edəcəyik.
2015-ci ildə Xorvatiya millisinin baş məşqçisi kimi Bakıda Azərbaycanla 0:0 heç-heçə etmişdiniz. Həmin oyundan sonra komandanız Norveçə uduzmuş və siz postunuzdan ayrılmışdınız. 11 il sonra bənzər ssenari ilə, Norveç klubuna uduzduqdan sonra yenidən Bakıdasınız. Bu təsadüf barədə nə düşünürsünüz?
– Daha əvvəl Azərbaycanda olmuşam. Amma həmin vaxt başqa stadionda oynamışdıq və matç 0:0 hesabı ilə bitmişdi. Bu barədə əlavə nəsə deməyə ehtiyac görmürəm.

