"Qarabağ"ın yarımmüdafiəçisi: "Bu turnirdə iştirak etmək haqqımızdır"

"Qarabağ"ın yarımmüdafiəçisi: "Bu turnirdə iştirak etmək haqqımızdır"

"Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq "Qarabağ"ın dəyişməz hədəfidir. Bu yolda addım-addım irəliləyirik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Çempionat" nəşrinə açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Aleksey İsayev deyib.

29 yaşlı futbolçu cari mövsüm "köhlən atlar"ın pley-off mərhələsindəki "Ferensvaroş"la ilk matçından söz açıb:

"Bir-birini çox yaxşı başa düşən keyfiyyətli və mükəmməl oyunçulara sahibik. Məncə, bu turnirdə iştirak etmək bizim haqqımızdır. Macarıstanda keçirilən ilk oyunu Bakıda - evimdə izlədim. Komandamız qol buraxanda narahat oldum. Lakin futbolçularımıza inanırdım. Oyundan öncə də qazanacağımızı hiss edirdim. Heç bir halda, arxayınlaşmaq olmaz. Bakıdakı oyun çox çətin keçəcək. Azarkeşlərimizi məyus etməməliyik".

Pley-off raundunun "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab oyunu bu gün saat 20:45-də start götürəcək və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.