Benzia "Qarabağ"la vidalaşdı: "Söz tapmaqda çətinlik çəkirəm"

"Qarabağ"dan ayrılan Yassin Benzia Ağdam klubu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, əlcəzairli futbolçu bununla bağlı sosial şəbəkə hesabında post paylaşıb.
Vinger Azərbaycan çempionuna təşəkkür edib:
"Bu, karyeramda son dərəcə vacib bir fəsilin sonudur. Bütün “Qarabağ” klubuna, rəhbərliyə, məşqçilərə (cənab Qurban Qurbanov, hər şey üçün təşəkkür edirəm), personala, azarkeşlərə və əlbəttə ki, komanda yoldaşlarıma təşəkkürümü bildirmək üçün söz tapmaqda çətinlik çəkirəm.
Başımın üzərindən keçən bütün hadisələrdən sonra məhz burada yenidən oynamaq sevincini tapdım. Kuboklar qazanmaq, qol vurmaq, komanda yoldaşlarıma qol ötürmələri vermək, komandamızın Avropada parlamasına kömək etmək, milli komandaya qayıtmaq… Sadəcə hər şey üçün təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsınız".
Qeyd edək ki, "köhlən atlar"ın heyətində 2023-cü ilin yanvarından çıxış edən 30 yaşlı yarımmüdafiəçi 104 oyun, 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qaldı.