"Bizə özəl sektordan, futbolu sevən iş adamlarından dəstək lazımdır"

"Bizə özəl sektordan, futbolu sevən iş adamlarından dəstək lazımdır"

“Çox vacib gündür. "Sabahın Ulduzları" kimi vacib turnirin yenidən keçirilməsini nəzərdə tuturam. Bu da AFFA-nın inkişaf strategiyasının önəmli, vacib parçasıdır".

"Mediasport" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Qurum rəsmisi Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı ilə “Sabahın Ulduzları” layihəsi çərçivəsində məlumatlandırma sessiyası və imza mərasiminə fikirlərini bölüşüb.

O, layihənin uşaq futboluna böyük fayda verəcəyini bildirib:

"Bizim prioritetimiz uşaq futboludur. Bununla bağlı "Sabahın ulduzları" layihəsi ən vacib addımlarımızdan biridir. Bu il Məktəbli Kubokunu keçirdik, möhtəşəm addım idi. 30 min şagirdin iki yaş kateqoriyasında yarışı oldu. 

"Sabahın Ulduzları" adi uşaq turniri deyil. İki yaş qrupunda 12 komanda yarışacaq. Bu turnir özəldir. Bu, U-15 dünya çempionatı festivalı olan tədbirə böyük, möhtəşəm, dünyada ilk dəfə təşkil olunacaq turnir üçün əsas platformadır".

C.Fərəcullayev turnirin keçirilmə hədəflərindən söz açaraq sponsorlara çağırış edib:

"Tahir Süleymanov irihəcmli işi öhdəsinə götürüb. Planımız odur ki, bu turnir yüksək səviyyədə keçirilsin, beynəlxalq yarışa çevrilsin. Bizə özəl sektordan, futbolu sevən iş adamlarından dəstək lazımdır.

Sərdar müəllim burada əyləşib, "Alpex" şirkətinə təşəkkür edirik. Uşaq-gənclər futbolunun yanındadırlar.

İnanırıq ki, uzunmüddətli layihə olacaq. Bünövrəni bu gün bu çalışma ilə qururuq. Əminəm ki, bəhrəsini növbəti illərdə görəcəyik".