"Əlimizdə bütün materiallar və lazımi məlumatlar var"
“Futbolçularımı, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik edirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis komandasının UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin TNS-lə Uelsdə baş tutan cavba oyunu haqda danışıb.
O, 2:1 hesablı 1ələbəni şərh edib:
"İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik.
Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq. Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi.
Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq.
Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı.
Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar".
Çalışdırıcı ÇL-in ikinci raundunda qarşılaşacaqları Finlandiyanın "KuPS" kollektivi ilə görüşlərə də toxunub:
"Gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim.
Əlbəttə, "KuPS"un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik.
Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq”.


