"Bu gün yaxşı məşq keçim, amma meydançamız keyfiyyətsizdirsə, faydası olmayacaq" - MÜSAHİBƏ

"Bu gün yaxşı məşq keçim, amma meydançamız keyfiyyətsizdirsə, faydası olmayacaq" - MÜSAHİBƏ

"Ayxan Abbasov təşəkkür edirəm. Gənclərdən yaxşı, mübarizə kollektiv formalaşdırıb. Sona kimi mübarizə apardılar, bizə xeyli çətinlik yaşatdılar".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunun "Şamaxı" ilə səfər matçı haqda danışıb:

"Futbolçularımın təbrik edirəm. Qələbə üçün sona kimi oyunun içində oldular, qopmadılar. Hər iki komanda mövsümü yaxşı notlarla başa vurdu. Azarkeşlərə təşəkkür edirəm, komandalarının yanında oldular".

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Bir neçə gün İspaniyada “Barselona”nın düşərgəsində oldunuz, Hans-Diter Fliklə görüşdünüz. Daha əvvəl də bu klubda təcrübə keçmişdiniz. Qvardiolanın vaxtındakı ilə indiki "Barselona" arasında hansı fərqlər var və nə təcrübə qazandınız?

- Bütün yaş qruplarının məşqində oldum. Mütəxəssislərlə söhbətlərimiz oldu, eləcə də Fliklə. Baxmayaraq ki, geniş danışa bilmədik. Çox böyük klubdur. Onların vaxt ayırması asan deyildi. Ciddi klubdur. Öz prinsipləri var. İlk getdiyim vaxtda (Qvardiola dönəmində) ulduzlar daha çox idi. Həmin dövr komandanın ən yaxşı vaxtları idi. İndi də gənc və yaxşı futbolçuları var. Mənimçün ora getmək çox vacib idi. Əmin oldum ki, sistemi qurub saxlamaq çox vacibdir. Bunu icra edənlər sistemi sevməli və sadə şəkildə tapşırıqları yerinə yetirməlidir. Komandada adlı-sanlı oyunçuların olması vacib deyil. Çox şey götürdüm. Belə səfərlər böyük təcrübə, inam verir. Böyük klublarda öz komandanda istədiklərini görmək xoşdur. Maraqlı görüş alındı. Faydalı səfər oldu.

U-21-in heyəti açıqlandı. Sizin komandanızdan 15 yaşlı Amin Rzayev və Hikmət Cəbrayılzadə də dəvət alıb. Nəzərə alaq ki, Amin birdən-birə U-21-ə çağırılıb. Bunun mənfi və müsbət tərəfləri haqda nə düşünürsünüz?

- Əlbəttə, belə oyunçuların tez böyüməsi üçün yuxarı kollektivdə olması vacibdir. Qərar verməyi bacarmaq lazımdır. Ayxan Abbasov sağ olsun, gəncləri cəlb edib. Məncə, böyük turnirlərdə, yarışlarda nə qədər tez iştirak etsən, daha yaxşıdır.

Bildiyiniz kimi, “Barselona”nın Azərbaycanda Akademiyası olacaq, bununla bağlı bir müddət əvvəl cənab prezidentin iştirakı ilə Bakıda görüş də keçirildi. "Qarabağ"ın bundan sonra İspaniya nəhəngi ilə kompleks əməkldaşlığı mümkündür?

- Bu haqda söhbət olmadı. Sadəcə, öz fikirlərimi dedim. Bizim indi şəraitimiz o dərəcə deyil ki, onlar kimi olaq. Onların akademiyaları, bazaları çox böyükdür. Çoxlu meydançaları var. İşlərdən düzgün yararlanmaq üçün onlarım metodlarından istifadə etmək lazımdır. Biz hələ böyük futbolu hiss etməyə yeni başlamışıq. “Barselona”nın Bakıda belə layihəsi bizim futbol üçün faydalı olacaq. Uzunmüddətli iş rejimi olmalıdır. Müəyyən sistem qurulmalı və işlər görülməlidir.

Bu gün meydana buraxdığınız heyət və etdiyiniz dəyişikliklərə əsasən düşünmək olar ki, kubokun finalına çox ciddi yanaşır və hazırlaşırsınız?

- Kubok oyunlarına həmişə ciddi olmuşuq. Olmasaq, finala gəlməzdik. Qarşımızda istəkli komanda var. Müəyən hazırlıqlarımız var. Bəzi oyunçulara istirahət verdik. Kuboku qazanmaq istəyirik. Necə olacağını görəcəyik.

Benzia hələ də klubdakı gələcəyi ilə bağlı qərarını verməyib. Hazırda bu istiqamətdə vəziyyət nə yerdədir?

- Benzia üçün bütün təklifləri etmişik. Qalıb qərarını verməsi. Buna baxmayaraq, həmin mövqeyə axtarışdayıq. Aktiv danışıqlarımız var. Qalacaq, çox yaxşı. Ola bilər karyerasını başqa yerdə davam etmək istəsin. Futbolçularımızın yaxşı olmasını istəyirik. Gedəcək futbolçular ola bilsin. İndiki məqamda finala hazırlaşacağıq. Çempionlar Liqasına II təsnifatdan başlamağımız faydalı olacaq. Bəzi qərarlar verəcəyik. Gedənlər ola bilər. Gələnlər də vacibdir. Əsas odur, istədiyimiz sayda oyunçu gətirə bilək.

İdman ictimaiyyətində belə fikir var ki, komanda ÇL-ə I təsnifatdan başlayanda zamanla relsə düşür və daha uğurlu olur. Siz necə fikirləşirsiniz?

- Bilirsiniz ki, futbolçuların istirahətə ehtiyacı var. I təsnifatdan başlasaydıq, tələsə bilərdik. Proqramımızı da tələsik qurardıq. Amma indiki halda 1 aya yaxın vaxtımız olacaq və işlərimizi görməyə çalışacağıq. Mənə görə, 2-ci raunddan başlamağımız bizim üçün daha faydalı olacaq.

Yeni mövsüm legioner limiti ləğv olunacaq. Planınızda legioner balansı olduğu kimi qalacaq?

- Mənimçün yerli və ya legioner fərqi yoxdur. Tələbimi yerinə yetirən oyunçu vacibdir. Hansı daha yaxşı olsa, ona üstünlük verəcəm. Lakin vacibdir ki, qruplara düşsək, keyfiyyətli və geniş heyət olsun. Nəticə vermək üçün ehtiyatda da oyunçularımız olmalıdır.

Vensan Abubakar və Manfredasın adı “Qarabağ”la hallanır…

- Bu oyunçularla danışıqlar olmayıb.

Son 1 ildə klubun akademiyasında irəliləyiş görünür. Gələcəkdə akademiyaya dəstək arta bilərmi?

- Ola bilər, olmalıdır da. Azərbaycan futbolunu yaxşılaşdırmaq istəyiriksə, öncə akademiyadan başlamalıyıq. İllərdir bu haqda danışılır, sizdən də soruşsaq, bunu deyəcəksiniz. İnfrastruktur olmalıdır. Bu gün yaxşı, ağıllı məşq keçim, amma meydançamız keyfiyyətsizdirsə, faydası olmayacaq. Şərait olmayandan sonra futbol oynamaq çətin olacaq. “Barselona” deyəndə hamının ağlına topa sahibolma, texnika deyəndə Messinin fintləri gəlir. Ancaq bu deyil. Texnika düzgün ötürmə, mövqe seçimidir. Messi kimi futbolçu 50 ildə bir dəfə gəlir. İnfrastruktur baxımından Avropanın orta klubları bizdən üstündür. Məsələn, Serbiya, Macarıstan klublarının bazasına baxsanız, şəraiti görərsiniz. Akademiya qurmaq istəyirik. Yaxşı şəraiti hazırlamalı, sonra kadrlara üstünlük verməliyik. Rəhbərliklə sıx danışıqlarımız olur. Onları da başa düşürəm. Görünməyən çoxlu xərclər var. Hələ tam gəlir əldə edə bilmirik. Biletlərdən, forma satışlarından, atributlardan… “Barselona”nın akademiyasında həftənin bir günü valideynlər üçün məşq açıq olur. Nə qədər valideyn məşqə baxır. Ancaq qalan 6 gün heç bir valideyn bazaya daxil ola bilmir. İnsanları futbola cəlb etməliyik. Çoxlu nüanslar var. Biz daha çox irəli getmək istəyirik, amma hazırıqmı? Aşağılardam möhkəm sistem qurmalıyıq.

Bu nöqteyi-nəzərdən yanaşsaq, 5 ballıq şkala ilə Azərbaycanı nə qədər futbol ölkəsi saymaq olar?

- Azərbaycan idman ölkəsidir. Burdan futbolçu da çıxır, güləşçi də, boksçu da. Uzaq rayonlarımızdan dünya çempionları çıxırsa, deməli, biz idman ölkəsiyik. Sadəcə, qurulan sistem düzgün icra olunmalıdır. Şkala ilə götürsək, indi aşağıdayıq, amma 3 ildən sonra 3-4-cü ola bilərik.