"Büdcəmiz dəqiqləşəndən sonra hədəflərimiz də müəyyənləşəcək"

"Büdcəmiz dəqiqləşəndən sonra hədəflərimiz də müəyyənləşəcək"

"İki klubun birləşməsi çox xoş oldu. Bu məqam komanda və şəhər üçün də xeyirli olar, inşallah. Onsuz da bizim bu vaxta qədər etdiyimiz hər bir şey Şirvan şəhərinin adı ilə bağlıdır".

Bu sözləri "Mediasport"a açıqlamasında "Şirvan"ın baş məşqçisi Pərviz Bayramov deyib.

O, öncə "Şirvan" OİK-lə birləşən "Şirvan" FK haqqında danışıb:

"Bu nöqtədə olmaq Şirvan futbolu üçün uğurdur. Bilirsiniz, Şirvanda uzun müddət futbol olmadı. Şükürlər olsun, ən azından fəaliyyət göstəririk. İnşallah, bu addımımız hər iki tərəf üçün xeyirli və uğurlu olar".

Mütəxəssis komandanın yeni mövsüm üçün hədəflərindən də bəhs edib:

"Hədəfimiz ilk "4-lük" uğrunda mübarizə aparmaq olacaq. Üst pillələrdə qərarlaşsaq, bu, bizim üçün uğur hesab ediləcək. Komanda formalaşdırmaq və onu ayaqda saxlamaq böyük maddiyat tələb edir. Şirvan şəhərindən olan imkanlı şəxslər bu məsələdə bizə kömək edərlər, inşallah. Bu ümidlə yola çıxmışıq".

Çalışdırıcı Şirvan təmsilçisinin maddi durumundan da söz açıb:

"Maddi durum nə qədər çox olsa, elə bir o qədər iddialı kollektiv formalaşdırmaq olar. Bu gün istədiyimiz futbolçunu gətirmək üçün maddiyat normal olmalıdır. Büdcəmiz dəqiqləşəndən sonra hədəflərimiz də müəyyənləşəcək. Bu barədə danışmaq, bəlkə də, tezdir. Başa çatan mövsüm əldə etdiyimiz uğuru təkrarlamaq istəyirik. Hər iki tərəfə Allah xeyir versin. Ən əsası da şəhər və komanda üçün uğurlu olsun".

Xatırladaq ki, "Şirvan" 2025/2026 mövsümünü Azərbaycan 2-ci Liqasında 40 xalla 4-cü pillədə başa vurub.