“The Athletic” nəşri “Qarabağ”la bağlı geniş yazı hazırladı - FOTO

“The Athletic” nəşri “Qarabağ”la bağlı geniş yazı hazırladı - FOTO

Dünyada nüfuzlu ingilis idman nəşri “The Athletic” “Qarabağ” barədə geniş məqalə hazırlayıb.

"Mediasport" xəbər verir ki, Kollin Milların imzası ilə dərc olunmuş yazı xüsusən bu mövsüm UEFA Çempionlar Liqasında uğurlu nəticələri ilə diqqət çəkən Azərbaycan çempionunun çıxışlarına və turnirdə perspektivinə həsr edilib.

“Çempionlar Liqasında gözlənilməz nəticələr göstərən və doğma şəhərini tərk etməyə məcbur olan “Qarabağ” başlıqlı yazıda komandanın çıxışlarının ÇL-in əsas hekayələrindən birinə çevrildiyi qeyd olunub:

"Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ötən həftə Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə iddiasını qoruyub. Bu mərhələyə yüksəlmək Ağdam təmsilçisi üçün turnir tarixində ilk dəfə pley-offda oynamaq anlamına gəlir".

Məqalədə turnir cədvəlində 18-ci pillədə qərarlaşan "atlılar"ın növbəti sınağının çətin “Enfild”də “Liverpul”a qarşı olacağı diqqətə çatdırılıb:

“Qarabağ” hazırda Bakıdan minlərlə kilometr uzaqda Avropa futbol nəhənglərinə qarşı mübarizə aparsa da, klubun əsası Qarabağ bölgəsinin Ağdam şəhərində qoyulub.

1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ağdam işğal olunduqdan sonra klub doğma şəhərini tərk etmək məcburiyyətində qalıb.

Həmin dövrdə on minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Ağdam uzun illər yaşayış olmayan şəhər kimi qalıb.

Şəhər 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. “Qarabağ”ın doğma stadionu olan “İmarət” arenası isə müharibə zamanı tamamilə dağıdılıb.

“Qarabağ”ın doğma şəhəri Ağdamda hələlik oyun keçirməsi mümkün deyil. Ərazi müharibə zamanı geniş şəkildə minalanıb və bu, regionu dünyanın ən çox minalanmış yerlərindən birinə çevirib.

Hazırda Azərbaycan hökuməti ərazidə minalardan təmizləmə işləri aparır, yol, dəmir yolu, elektrik və su infrastrukturu bərpa olunur.

Klub sovet dövründə yüksək liqada çıxış etməyib və Azərbaycanın müstəqillik qazandığı ilk illərdə cəmi bir dəfə çempion olub.

Lakin son illərdə maliyyə dəstəyi və dövlətin yardımı ilə “Qarabağ” ölkə futbolunda dominant mövqeyə yüksəlib. Komanda son 12 mövsümün 11-də Azərbaycan çempionu olub".

Yazıda Azərbaycan çempionunun cari mövsüm Liqa mərhələsində ən uğurlu çıxışını nümayiş etdirdiyi, “Benfika”, “Kopenhagen” və “Ayntraxt”a qalib gəldiyi, “Çelsi” ilə heç-heçə etdiyi vurğulanıb.

Bildirilib ki, büdcə baxımından Avropa klubları ilə müqayisədə xeyli geridə qalan “Qarabağ”ın heyətinə etdiyi ən bahalı transfer 1,28 milyon avro təşkil edib:

"Komandada cəmi dörd futbolçu 500 min avrodan baha transfer olunub. Buna baxmayaraq, Avropadakı nəticələr klub üçün böyük uğur hesab olunur.

“Qarabağ” Avropa səhnəsində həm idman, həm də tarix baxımından özünəməxsus hekayəsi ilə Çempionlar Liqasının ən maraqlı komandalarından biri kimi diqqət çəkir".