3 komandamız FİBA Avropa Kubokunda növbəti dəfə uduzdu
Azərbaycanın üç basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarını keçirib.
"Mediasport" xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 97:93.
Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb, komanda qrupda sonuncu – 6-cı yerdədir.
“Gəncə” C qrupunun VII turunda Yunanıstanda “Kolossos”un qonağı olub. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçirilən görüşdə meydan sahibləri qalib gəliblər - 79:78.
Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda bir qələbə qazanıb və qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.
“Neftçi” isə H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubu ilə üz-üzə gəlib. İlk 6 qarşılaşmada bir qələbə qazanan “ağ-qaralar” bu dəfə də məğlub olublar - 55:96.
Paytaxt təmsilçisi qrupda sonuncu sırada yer alır.

