Aqil Nəbiyev: "Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var"

“İlk oyunla bugünkü görüş arasında bir gün vaxtımız var idi. Həm özümüzün, həm də rəqibin çıxışını təhlil etmişdik".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın U-17 milli komandasının baş məşqçisi Aqil Nəbiyev deyib.
Mütəxəssis Moldovada təşkil olunmuş UEFA İnkişaf Turnirində iştirak edən yığmamızın bu gün Gürcüstan üzərində qazandığı qələbəsini şərh edib:
"Gürcüstan yığması keyfiyyətli komandadır, futbolçuları iki ilə yaxındır bir yerdə oynayırlar. Biz isə yeni formalaşan kollektivik. Moldova ilə ilk görüşdə bəxtimiz gətirməmişdi. Topa sahib olan, daha çox qol vəziyyəti yaradan tərəf biz idik.
Bu gün isə futbolçuların özlərinə inamları, xarakter göstərmələri qələbəyə gətirib çıxardı. Zamanla hər şey daha yaxşı olacaq. Müəyyən vaxt lazımdır. İnanıram ki, bu futbolçular növbəti illərdə yuxarı yaş qrupu üzrə millilərimizdə çıxış edəcəklər”.
Baş məşqçi Estoniya yığması ilə keçiriləcək son görüşdə də uğurlu nəticə əldə edəcəklərinə inandığını qeyd edib:
“Estoniya ilə oyuna qədər iki gün vaxtımız var. Həm rəqibi, həm öz oyunumuzu təhlil edəcək, səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Əsas odur ki, uşaqlarda özünəinam, xarakter var. Fikrimcə, daha yaxşı ola bilərik. Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır”.
Qeyd edək ki, U-17 millimiz turnir çərçivəsində son oyununu aprelin 19-da Estoniya yığmasına qarşı keçirəcək.