"Santuş getdi, bir Pantuş tapıb gətirəcəklər" - Aqil Abbas

"Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Fernandu Santuşun bu postdan uzaqlaşdırılmasına çox da sevinmirəm. Çünki Santuş getdi, bir Pantuş tapıb gətirəcəklər".
"Mediasport" xəbər verir ki, bunu "Teleqraf"a aşıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.
O, Azərbaycandakı futbol akademiyalarının ürəkaçan durumda olmadığını deyib:
"Futbolu inkişaf etdirmək əvəzinə məşqçi dəyişdirirlər. Anlamırlar ki, ölkədə uşaq futbolu inkişaf etməyənə qədər Azərbaycanda futbol olmayacaq. Hazırda ölkədə olan futbol akademiyaları çox zəif işləyir. Bəziləri isə yox səviyyəsindədir. Azərbaycan Futbol Federasiyaları Assosiyasiyanın (AFFA) başına da bir əcnəbi qoyacaqlar".
Aqil Abbas portuqaliyalı mütəxəssis Fernandu Santuşun əsas milli komandadan qovulmasından sonra yığmada yerli məşqçinin çalışmalı olduğunu söyləyib:
"Uduzuruq elə özümüzünkülərlə uduzaq. Tərlan Əhmədov kimi məşqçi ortalıqda "it döyür", amma kimisə gətirib baş məşqçi qoyurlar. Bu gün Azərbaycanın futbolunu yüksək liqada təmsil edən komandaların məşqçilərinin 6-sı əcnəbidir. Belə şey olar? Nə isə, özləri bilər. Hər halda yaxşı olacaq. 10-20 ildən sonra Azərbaycanda futbol inkişaf edəcək".
Azərbaycan milli komandası 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ilk oyununda İslandiya komandasına 5:0 məğlub olub. Yığmamız bu gün seçmə qrup mərhələsinin ikinci matçında Ukrayna ilə qarşılaşacaq.