"Mən nəyə görə istefa verməliyəm? Müqaviləm var" - Fernandu Santuş

"İlk hissədə top rəqibdə olsa da, komandam yaxşı müdafiə oluna bildi. Əks-hücumlara keçməyə çalışırdıq. Amma rəqibi topa çox sahib olduğu üçün çətinlik yaranırdı".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.
O, DÇ-2026-nın seçmə mərhələsinin İslandiya ilə oyunundan sonra (0:5) keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablandırıb:
"Çox çalışsaq da, vəziyyəti düzəldə bilmədik. İstefa vermək barədə düşünmürəm. Çünki AFFA ilə müqaviləm var. Buna əsasən işimi görürəm. Müqavilə şərtlərinə hörmət edirəm. Təəssüf ki, istədiyimiz alınmadı. Bu, tək mənim deyil, hər kəsin məsuliyyətidir. AFFA istəsə, mənimlə bu barədə danışar, məsələni həll edərik. Komanda ilk hissə yaxşı müdafiə olundu. Sadəcə, ikinci qoldan sonra komanda ruhdan düşdü. Ümid edirəm ki, qarşıdakı matçlarda daha yaxşı çıxış edərik. Məğlubiyyətə görə hamımız məsuliyyət daşıyırıq. AFFA düşünsə ki, Fernandu Santuş işə yaramır, bu barədə mənimlə danışar".
Bilmirsiz, İslandiyadan Portuqaliyaya birbaşa uçuş var?
- Bilmirəm.
Karyeranızda heç istefa vermisiz? Bunun üçün nə lazımdır?
- Xeyr.
Səbəb nədir?
- Müqaviləm var.
Xahiş edirəm şəxsi qəbul etməyin, rüsvay olan azərbaycanlı, rüsvay baş məşqçiyə sual verir. Siz gələndə Millətlər Liqasında C divizionunda idik. Gəldiz, bizi D divizionuna saldız. Bu gün qrupdakı ən zəif komandaya 0:5 hesabı ilə uduzuruq. Meydana sonradan daxil olan futbolçuların 5-dən 3-ü müdafiəçi idi. Futbolda analoqu olmayan əvəzetmələr etdiz. Başa düşdüm ki, sizin istefa vermək fikriniz yoxdur. Mütləq ki, sizə təzminat verib yola salsınlar? Karyeranızda kifayət qədər pul qazanmısız. Bəs özünüzə hörmətiniz? Özünüzə hörmətiniz yoxdur?
- Az öncə dediyim kimi, müqaviləm var. Ona uyğun iş görürəm. İstəyirəm ki, əlimdən gələni edim.
Həm start heyətdə səhv etdiz, həm də gedişatı dəyişə bilmədiz. Etiraf edirsiz ki, səbəbkar sizsiz?
- Qolu ilk hissənin sonunda buraxdıq. Çalışdım ki, taktikanı dəyişim, 4-3-3-ə keçim. Amma futbolçular ruhdan düşmüşdülər. Bu, tək mənim günahım deyil, hamının məsuliyyətidir.
Artıq nüfuzunuzdan heç nə qalmayıb. Hara qədər davam etməyi düşünürsüz?
- Bu, AFFA-nın qərarıdır. İstəsələr danışarıq, həll edərik.
Hamı düşünür ki, ən aciz milli budur. Bu sizə necə hiss etdirir?
- Mən bunu qəbul etmirəm. Demirəm ki, yaxşı oynadıq. Mən və futbolçular birlikdə məsuliyyət daşıyırıq.
Əgər İslandiyaya 0:5 hesabı ilə uduzuruqsa, Fransa və Ukrayna necə olacaq?
- Ümid edirəm ki, birlikdə daha yaxşı çıxış edərik. Hamımız cəzalandırılmalıyıq, tək mən yox. Futbolda ən asan iş baş məşqçini cəzalandırmaqdır. AFFA düşünsə ki, işə yaramıram, bu barədə mənimlə danışar.
Taktika uzun toplar idi?
- Düşünürəm ki, nəyi yaxşı etmədiksə, bunun üzərində çalışmalıyıq. Soyunub-geyinmə otağında hamı başıaşağı idi. Onlar da belə tez ruhdan düşməməlidirlər. Başa düşürəm, ilk hissənin sonunda qol buraxmaq ruhdan salır. İkinci hissənin startı daha da çətin oldu. Amma ruhdan düşməməli, başımızı dik tutmalı idik. Vəziyyəti başa düşürəm, çalışıram ki, işimi yaxşı yerinə yetirim. Son olaraq yenə deyirəm, düşünürlərsə getməliyəm, AFFA mənlə danışmalıdır. İstefa verməyəcəm.