Portuqaliyalı mütəxəssis millimizin baş məşqçisi təyin edildi - RƏSMİ

Portuqaliyalı mütəxəssis millimizin baş məşqçisi təyin edildi - RƏSMİ

AFFA İcraiyyə Komitəsinin 19 fevral 2026-cı il tarixində keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi postuna Rui Jorjenin namizədliyi müzakirəyə çıxarılmış və təsdiq edilmişdi.

"Mediasport" xəbər verir ki, qurum portuqaliyalı mütəxəssisin təyinatını rəsmiləşdirib.

Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. O, 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.

2010-cu ildə Portuqaliyanın U-21 yığmasının “sükanı arxası”na gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb.

Həmin illər ərzində Rui Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.

Xatırladaq ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FİFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.

Yeni təyin olunmuş baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq. Dəqiq tarix, vaxt və mətbuat konfransının keçiriləcəyi məkanla bağlı ictimayyətə məlumat veriləcək.