İqor Kostyuk "Qarabağ" üzərində 1:0 hesablı qələbəni belə şərh etdi
"Mediasport" Kiyev "Dinamo”nun baş məşqçisi İqor Kostyukun UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la ilk oyunundan (1:0) sonra verdiyi müsahibəni təqdim edir.
Sizcə, “Dinamo” nəyin hesabına qalib gəldi?
– Xarakterin - bu gün meydanda əsl komandanın olmasının hesabına. Məhz bu, nəticəni təmin etdi.
Komanda təşkilatlanmış şəkildə oynadı. Oyundan əvvəl keçirilən mətbuat konfransında müəyyən nəticələr çıxardığınızı demişdiniz. Bu, daha çox psixoloji amildir, yoxsa taktiki yenidənqurma? Yoxsa hər ikisi kompleks şəkildə özünü göstərdi?
– Hələ Valeri Lobanovski deyirdi ki, komanda təxminən iki il ərzində formalaşır. Mən hazırda özümdən danışmıram, hamıya məlum olan bir prinsipdən söhbət gedir. İcarə əsasında başqa klublarda çıxış edən bir çox futbolçumuz geri qayıdıb. Biz yeni əlaqələr, yeni oyun kombinasiyaları axtarır, müxtəlif oyun variantları üzərində işləyirik.
Bu gün gördüyünüz kimi, kiçik rotasiya etdik və oyuna hazırladığımız plan işlədi. Əvəzetmələr vasitəsilə oyunu gücləndirmək və keyfiyyətini artırmaq istəyirdik. Epizodlar yaradırdıq, topu qazandıqdan sonra rəqibin pressinqindən yaxşı çıxırdıq, top itkisi zamanı uğurla yenidən təşkilatlanır, əks-pressinq tətbiq edirdik. Daha bir neçə qol vura bilərdik, amma təəssüf ki, imkanlarımızdan yararlana bilmədik.
Artıq üç gün sonra yeni Ukrayna çempionatında “Veres”ə qarşı ilk oyununuz olacaq. Rovnoda keçiriləcək qarşılaşma Bakıda “Qarabağ”la cavab matçına daha yaxşı hazırlaşmağınıza kömək edəcək, yoxsa oyunun təxirə salınması daha yaxşı olardı?
– Kifayət qədər geniş heyətimiz var və bu oyun komandaya özünəinam, həmçinin nəticəyə necə və nəyin hesabına nail olmaq lazım olduğunu daha yaxşı anlamaq baxımından əlavə stimul verəcək. Bu gün futbolçular çox ağır oyun keçirdilər, amma eyni zamanda onlar oyuna münasibətin necə olmalı olduğunu və qələbəyə hansı yollarla nail olmaq lazım gəldiyini dərk etməlidirlər. Bu, müsbət məqamdır. Düşünürəm ki, bundan sonra da inkişaf edəcək və qələbələr qazanacağıq.


