"Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük"

“Potensial rəqiblərimizin hamısı güclü komandalar idi. "Aris"də həmçinin. Yunan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir.
"Mediasport" xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev deyib.
Yarımmüdafiəçi UEFA Konfrans Liqasının II mərhələsinin püşkü haqda danışıb. O, II təsnifat mərhələsində rəqib olacaqları Yunanıstanın “Aris” klubunu lazımınca analiz edəcəklərini bildirib:
“Aris” haqqında az da olsa məlumatımız var. Amma tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq.
Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlərimiz də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq əzmindəyik.
İndi əsas diqqətimiz rəqibdə deyil, öz komandamızda olmalıdır. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları bizə verəcək”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.