"Məğlubiyyətə səbəbkar mənəm, buna görə komanda adından azarkeşlərdən üzr istəyirəm"

"Məğlubiyyətə səbəbkar mənəm, buna görə komanda adından azarkeşlərdən üzr istəyirəm"

"İlk dəfədir komandanın bu qədər həyəcan içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik. İlk 10 dəqiqədə buraxdığımız qollardan sonra oyunumuzda eniş baş verdi".

"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məqşçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində Litva oyun haqda danışıb, Bakıda biabırçı məğlubiyyəti (0:5) şərh edib:

– Çox səhvlərimiz oldu. İlk 10 dəqiqədə qızlar komanda olaraq hara düşdüklərini bilmədilər. Uşaqlar çox həyəcanlı idilər. Fasilədən sonra sistemdə dəyişikliklər etdik. İstədik qollar vuraq, şanslarımız oldu, amma sonluq çatmadı. Məğlubiyyətin səbəbkarı mənəm. Belə məğlubiyyət olmamalı idi. Bu rəqib İspaniya, Danimarka deyil, onları səfərdə məğlub etmişdik. Komanda sanki rəqibə yuxarıdan aşağı baxdı. Tribunaya gələn azarkeşlərə təşəkkür edirəm, həm də bütün komanda adından onlardan üzr istəyirəm.

Hamımız millidən 4-5 qol gözlədiyimiz halda 5 cavabsız top buraxdıq...Dediniz ki, günahkar mənəm. Nədə səhv etdiniz?

– Bugünkü oyunda ilk dəfə fərqli sistemlə – 5-3-2 ilə çıxdıq. Çoxlu qollar vurmaq istəyirdik. Öndə çoxaldıq, amma cinahlarda boşluqlar verdik. Rəqib də bundan yaxşı istifadə etdi. 3 mərkəz müdafiəçisi ilə oynadıq. Arxa xətt oyunçularımız rəqibə nisbətən daha ləng idi.

Nazlıcan Parlak, Kristina Bakarandze nə üçün oynamadı? Əsas qapıçı Aytac Şərifova da hetiyatda qalmışdı...

 - Nazlıcan vərəqə cəzalısı, Bakarandze zədəlidir. Aytac isə dizindən əməliyyat olunub, yeni qayıdıb. Həm də son oyunda Nərgiz yaxşı təsir bağışlamışdı deyə dəyişmək istəmədim.

Oyunu AFFA rəhbərliyi də izləyirdi, maraqlıdır, qələbə üçün hansısa mükafat vəd etmişdilər?

- Uşaqlara da dedim, Azərbaycanda keçirdiyimiz yeganə oyundur ki, bu qədər azarkeş gəlib. Son illər rəhbərliyin qadın futboluna baxışı çox ciddi dəyişib, yüksək səviyyədə diqqət var, dəstək olurlar. Mükafata gəlincə, gərək, qələbə qazanasan ki, nəsə alasan. Bu nəticədən sonra rəhbərliyin qarşısına çıxmaq çətindir. Qələbə qazansaydıq, yəqin, qarşılığı olardı.

Milli karyerasını başa vuran Aysun Seydiyeva bəzi qaranlıq açıqlamalar verib. O, futboldan, millidən niyə getdi?

- Açığı, Aysunu ikinci dəfə futbola mən qaytarmışam. Ana olduqdan sonra yığmada oynadı, ona dəstək olmuşam. Bəzi anlarda nəsə diqqətsizlik ola bilər. Biz onun qərarına hörmətlə yanaşırıq. Lakin komanda daxilində heç bir problem yoxdur.

Bəlkə qızlar sizinlə işləmək istəmir?

- Bilsəm ki, fayda vermirəm, lazım deyiləm, burda qalmaram.

Süni örtüklü meydança oyununuza nə dərəcə təsir etdi?

- Yəqin, özünüz də gördünüz. Yaxşı təsiri olmadı. Hücumçumuz qaçmağa çətinlik çəkirdi. Məşq zamanı da ayağında ağrılar olmuşdu. Onunla yanaşı, daha bir futbolçumuz zədə almışdı. Sintetik örtüyün bizə xeyri yoxdur. Amma bunun bəhanə olmasını istəmirəm.

Yəqin ki, AFFA rəhbərliyi sizinlə görüşəcək, hesabat verəcəksiniz. Belə məğlubiyyətdən sonra yığmadakı gələcəyinizi necə görürsünüz?

- Bu hesabdan sonra rəhbərliyin sualları olacaq. Rəqib o dərəcə güclü komanda da deyildi. Amma bir məğlubiyyətlə işi buraxacağıqsa, gərək, özümüzə başqa iş axtaraq. Qaçmaq asandır, önəmli olan vəziyyəti düzəltməkdir. Səhvlərdən nəticə çıxarmalıyıq. Düzəlmirsə, getməliyəm. Düşünürəm ki, bu qədər gözəl işlər görüb bir məğlubiyyətə görə getmək doğru olmaz. Məğlubiyyət məni çox üzdü. Meydana yalnız qələbə üçün çıxmışdıq. Bu məğlubiyyətdən sonra şanslarımız çox çətinə düşdü. Liderlik üçün meydana çıxmışdıq, indi...Gərək, oturub gözləyək ki, Monteneqro qələbə qazansın, bəlkə bizim də ən yaxşı ikinci kimi pley-off şansımız oldu.

Bu stadionda Premyer Liqa klublarının oyunlarından sonra baş məşqçilər meydanın örtüyündən çox ciddi şikayətlər edirlər.  Siz həmişə Mərdəkanda oynayırdız, orada təbii örtüklü arena boş idi. Niyə burada oynamağa qərar verdiniz?

- Düşünürdük ki, azarkeşlər gələcək və yaxşı oyun göstərəcəyik. Azarkeşlərin oyunlara gəlməsi üçün, sırf təbliğat xarakterli etdik bunu.

Bir neçə həftə əvvəl millinin 4 əsas futbolçusu şou xarakterli Media Liqada oynadı. Onlardan Fidan Cəfərova zədə də almışdı. Sizcə, belə ciddi oyun qabağı bu, nə dərəcədə peşəkar yanaşmadır?

- Bu, qadın futboluna diqqəti artırmaq üçün reklam xarakterli idi. Hərəsi 3-5 dəqiqə meydanda oldular. Üstəlik, Fidanın zədəsi ciddi olmamışdı. Elə-belə toqquşmuşdu, ayağını tapdalamışdılar. Məqsəd qadın futbolunun təbliğatını gücləndirmək idi.

Amma bu gün Fidanın oynamaması şübhə yaratmaya bilməz...

- Heç bir zədəsi yoxdur, kənardan fikir verdinizsə, rahat qaçır, hazırlaşırdı. Bu gün meydana çıxmaması fiziki forması ilə bağlıdır.

Toplanışa yeni futbolçular cəlb olunmuşdu. Onların durumu nə yerdədir, aralarında yaxşılar var?

- Bu gün qazancımız iki gənci oynatmağımızdır. Ayşən və Xanım 17 yaşındadır. Bugünkü yeganə qazanc bu oldu. Aşağıdan gələnlərlə bağlı ürəkaçan durum yoxdur. Çətin vəziyyətdəyik. Ümid edirəm, tez zamanda aşağı yaş qruplarından bacarıqlı uşaqlar gələr.

“Neftçi”nin də baş məşqçisisiniz, ölkə çempionu oldunuz. Çempionlar Liqasına hazırlıq gedir, ümumiyyətlə klubda qalacaqsınız?

- Rəhbərliyin mənimlə davam edib-etməyəcəyini bilmirəm. Orada hələ püşk atılmayıb. Ötən il ÇL-də yaxşı nəticələr olmadı. Bu il də reytinqimiz aşağı olduğu üçün birinci mərhələdən başlayacağıq. Çətinliklərimiz olacaq. Püşk üzümüzə gülsə, mərhələ adlaya bilərik. Çalışacağıq ki, Azərbaycanın reytinqinə xallar qazandıraq.

Elvin