"Neftçi"dən SƏRT ETİRAZ: "Matçda lal, kar, kor VAR" - VİDEO
"Neftçi" bu gün Azərbaycan Premyer Liqasının 28-ci turunun "Zirə" ilə səfər oyununun sonlarında yaşanan hadisələrə görə sərt etiraz edib.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisinin sosial şəbəkə hesablarında 90+4-cü dəqiqədə vurulan qola aşkar etiraz bildirilib.
Baş hakim İnqilab Məmmədovun idarəçiliyindən narazı qalan "ağ-qaralar" iddia edirlər ki, İbrahima Konatenin hesabı bərabərləşdirdiyi epizodda Ruan Renato aşkar ofsaydda olub və qapıçının görmə bucağını məhdudlaşdırıb:
"Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın “gözündən yayındı”. Yoxsa elə ssenari bu imiş?
Matçda lal, kar, kor VAR".
Xatırladaq ki, epizod yaşanandan sonra "Neftçi" tərəfi texniki zonada kəskin etiraz edib, baş məşqçi Yuri Vernidub və köməkçisi, həmçinin Breno Almeyda qırmızı vərəqə alıb.
Maraqlıdır ki, baş hakim epizodu VAR monitorundan izləməyib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
