Qurban Qurbanov: "Bu matçda qeydə alınan qələbəni bayram etməməliyik"

Qurban Qurbanov: "Bu matçda qeydə alınan qələbəni bayram etməməliyik"

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun olmasına baxmayaraq, bu qədər azarkeş önündə sona qədər döyüşdülər və qələbə qazanmaq üçün əllərindən gələni etməyə çalışdılar".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk matçından sonra (3:1) keçirilən mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin çalışdırıcısı Macarıstanda baş tutan matçda komandanı yalnız buraxmayan azərbaycanlı azarkeşlər haqqında fikir bildirib:

"Azarkeşlərimizə də təşəkkür edirəm. Bizi burada tək qoymadılar. Stadionda çox gözəl ab-hava var idi. Hesab bizi aldatmamalıdır. Bəli, müəyyən üstünlüyümüz var. Bakıda keçiriləcək oyunda daha ciddi olmalıyıq. Çünki rəqib ən sadə epizodda da qol vurmağı bacaran kollektivdir. Cavab oyununda şansımızdan maksimum istifadə etməyə çalışacağıq".

Təcrübəli mütəxəssis fasilədən sonra "köhlən atlar"ın riskə getdiyini söyləyib:

"Səfərdəki bir matçda qol buraxanda həyəcan çoxalır. Qapımızda qol gördükdən sonra üzərimizdə təzyiq daha da çoxaldı. Lakin sonradan oyunu ələ almağı bacardıq. İkinci hissə riskə getdik. Futbolçularımdan əsas tələbim qol vurmaları idi.

Bizim qarşımızda çox istəkli rəqib və məğlub olmağı sevməyən baş məşqçi var idi. "Ferensvaroş"un oyun üslubu elədir ki, istənilən hücumda qol vurmağı bacarırlar. Bakıdakı oyuna daha da ciddi hazırlaşmalı və arxayınlaşmamalıyıq. Hər buraxılan qol komandada inamsızlıq yaradır. Bu matçda qeydə alınan qələbəni bayram etməməliyik".

Xatırladaq ki, "Qarabağ" və "Ferensvaroş" arasında keçiriləcək cavab matçı avqustun 27-də Bakıda baş tutacaq.

Bu cütdə məğlub olan tərəf yoluna UEFA Avropa Liqasının Liqa mərhələsində davam edəcək.