"Hakimlərin “Neftçi”yə qarşı aqressiyasının səbəbi nədir?"

Azərbaycan futbolunda qəribə proseslər gedir.
Bu mövsüm hakimlərin “Neftçi”yə qarşı aqressiyasının səbəbi hardan, kimdən gəlir?
Azərbaycan futbolunda belə bir qaranlıq məqam var, sanki mövsümöncəsi bir komanda "qurban" seçilir və həmin komanda üzərində əməlli-başlı proses gedir.
Əvvələr “Zirə” seçilmişdi, iki turdan bir onların əleyhinə qəribə qərarlar verilirdi, nəticəyə təsir edilirdi. Sonrakı məqamda bu, “Araz-Naxçıvan” oldu.
İndə isə görünən odur ki, bu mövsüm həmin "qurban" “Neftçi”dir. Özü də onların əleyhinə verilən qərarlar elədir ki, birbaşa nəticəyə təsir edir.
Yəni, şans yeri buraxmır hakimlər. “Sabah”la görüşdə verilməyən penalti, “Zirə” ilə görüşdə qapılarına verilən penalti...
Bəlkə də 100 faiz penaltidir, ola da bilər. Lakin ötən mövsüm “Araz-Naxçıvan” - “Qarabağ” görüşündə gözünün önündə olan davada Ağdam klubunun futbolçularına qırmızı verə bilməyən Kamal Umudlu “Zirə” - “Neftçi” görüşündə Elvin Bədəlovun Ceyhun Nuriyevə qarşı kobud oyununu 5 dəqiqə baxa-baxa necə gördü, hansı rakursdan seçə bildi - naməlumdur.
Bu hadisə başqa komandalarımızın da başına gələ bilər, gəlir də. Söhbət futbolumuzun şəffaflığının şübhə altına salınmasından gedir.
"Zirə" - "Neftçi" matçında məlum epizodun fərqli rakursu da yox idi. Onsuz da “Neftçi” qələbə qazana bilmir, görünən odur ki, bu cür hakim idarəçiliyi ilə çempionluq yarışına qoşulması bir yana, avrokubok zonasına düşməsi də çətin olacaq.
Daha bir qəribə məqam var. Ötən tur "Neftçi" - "Sabah" görüşündə baş hakim İnqilab Məmmədov cərimə meydançasında təbii vəziyyət olduğunu əsas gətirərək penalti qeydə almamışdı.
Amma bu tur "Araz-Naxçıvan" - "İmişli" görüşündə eyni epizod yaşandı, baş hakim Cavid Cəlilov qayda pozuntusu qeydə alaraq penalti təyin etdi.
Axı bu hakimlər hamısı eyni kitabı oxuyur, eyni dərslərdə iştirak edirlər, necə olur ki, eyni epizodda fərqli qərarlar verirlər?
Mirbağırağa Cəfərli, futbol eksperti