"Qarabağ"a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik"

"Qol vurmaq üçün imkanlarımız oldu. Qapının içindən də vura bilmədik. Rəqibin fürsətləri bizdən daha çox idi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Nfetçi"nin baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis Azərbaycan Prmeyer Liqasının 31-ci turunun "Qarabağ"la səfər matçı haqda danışıb, daha sonra 0:3 hesablı məğlubiyyəti şərh edib.
Niyə məğlub oldunuz, niyə qol vura bilmədiniz?
- Əsas məsələ niyə qol buraxmağımızdır. Hər oyunda davam edən proseslərdir. Heyətdə həddindən artıq rotasiyalara əl atmışdıq. Bu da məlum məsələdir. Kuboku düşünürdük. Zədələr böyük problemə çevrilib. Oyuna yaxşı başlamışdıq. Bu mövsüm başımızın bəlası fərdi səhvlərdir. Bu da ard-arda qollara gətirib çıxardı. Belə şeylər futbolda olur.
Bir tərəfdə "Azərbaycan derbisi", digər tərəfdə bu derbidə 4 ildir qələbə qazanmayan "Neftçi" var. Bunu necə şərh edə bilərsiniz?
- Bəli, Azərbaycan derbisidir. Bizi, "Neftçi"ni istəyən insanları anlamaq olar. Fərqi yoxdur 3-4 gündən sonra kubok matçı oynayırsan, heyətində zədəlilər var. Bu, derbidir və qalib gəlməlisən. Onları başa düşürəm. Cavab olaraq söz tapa bilmirəm.
Əvvəllər Murad Məmmədova daha çox şans verirdiniz. Son oyunlarda forma geyinmir. Onun perfomansından narazısınız?
- Belə deyim, Murad pis oynadığı matçlardan sonra sanki özünə gələ bilmir. Buna baxmayaraq, biz onu pis oynadığına görə ehtiyatda saxlmamışıq, yaxud tam siyahıdan silməmişik. Sadəcə, son vaxtlar Muradı məşqlərdə tanıya bilmirik. Onu, ümumiyyətlə, silmək fikrimiz yoxdur. Düzünü desəm, Aleksin yerinə Muradı oyuna buraxmaq istəyirdim. Rəhman zədələndiyi üçün Elcan Əbilovu oyuna saldıq. Murad güvəndiyim futbolçudur.
Bu mövsüm üçün "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz" " Qarabağ"ı məğlub edib. Avrokuboklara getmək istəyən "Neftçi" isə 4 oyunun hamısında bu rəqibə uduzub. Sizcə, bu "Neftçi" avrokuboklara getməyə layiqdir?
- Avrokuboklara getmək üçün şərt ancaq"Qarabağ"ı udmaqdırsa, məntiqi anlamıram. 4 oyunu da mənim üzərimə yıxmayın. 3 dəfə oynamışıq. Son görüşdə də "Qarabağ"a qarşı yaxşı oynamışdıq. "Qarabağ"a uduzmaq o demək deyil ki, biz avrokuboklara getməyə layiq deyilik. O məntiqlə "Qarabağ"dan xal aldığı üçün "Kəpəz" də avrokuboklara getməlidir.
Rafael Quzzonun zədəsi ciddidir?
- Xeyr, ciddi zədəyə oxşamır. Dizində toqquşma oldu. Özü əvəzlənmək istədi.
Bu gün Bassala Sambunun əvəzinə Dembo Darbonu start heyətində oynatmağınızın səbəbi nə idi?
- O, 2 aydan çoxdur ki, zədə səbəbindən oynamırdı. "Sabah"la kubok matçından öncə ritmdə qalması üçün bu gün Darbonu start heyətində meydana buraxdıq.