Premyer Liqanın daha 3 klubunda baş məşqçi ayrılığı dəqiqləşdi
Azərbaycan Premyer Liqasında mövsüm başa çatar-çatmaz iş yerindən ayrılacaq daha 3 baş məşqçinin adı dəqiqləşib.
"Araz-Naxçıvan", "Sumqayıt" və "Kəpəz" çalışdırıcıları ilə vidalaşacaq.
Azərbaycana yanvarda gəlmiş Andrey Demçenko, "kimyaçılar"la ötən ilin iyununda müqavilə bağlamış Saşa İliç və 2025-ci ilin oktyabrında yenidən "Kəpəz"ə qayıtmış Azər Bağırov komandaları ilə yollarını ayırıb.
İlk iki kollektivdəki dəyişiklik uğursuz nəticələrə görə reallaşacaqsa, Gəncə klubunda vəziyyət fərqlidir.
Bağırov yaradılan şəraitdən və səlahiyyətlərinin ayrı-ayrı klub rəsmiləri tərəfindən əlindən alındığı üçün "Şamaxı" ilə anlaşıb.
İliç 1 illik, Demçenko 5 ay+1 illik, Bağırov isə mövsümün sonunadək olan anlaşmaya qol çəkmişdi.
Xatırladaq ki, daha öncə "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovun fəaliyyətini yalnız milli komandada davam etdirəcəyi təsdiqlənib.
Azər Bağırovun "Şamaxı" ilə razılaşdığını saytımız aprel ayında məlumat vermişdi.
Mediasport.com.az


