Qurban Qurbanov: "Oyunları tez-tez təxirə salmaq tərəfdarı deyilik"

Qurban Qurbanov: "Oyunları tez-tez təxirə salmaq tərəfdarı deyilik"

"Futbolçularımı təbrik edirəm, çox gərgin qarşılaşma oldu. Bizim üçün vacib qələbə idi".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 1-ci turunun "Şamaxı" ilə oyunu haqda danışıb, 3:1 hesablı qələbəni şərh edib:

"İlk hissədə temp bir o qədər yuxarı olmasa da, fasilədən sonra daha sürətli mübarizə izlədik. Çempionatın ilk matçından bəlli oldu ki, hər bir görüşə nə dərəcədə ciddi yanaşmalı, futbolçular həm fiziki, həm də psixoloji baxımdan tam hazır olmalıdırlar. Rəqibin baş məşqçisi Azər Bağırova da yeni komandasında uğurlar arzulayıram.


Renaldo Sefasın zədəsi necədir? “Tvente” ilə səfər matçında sol cinahda Lanqa-Sefas cütlüyünü görə bilərik?

– Əzələsində bir az gərginlik hiss etdi. Risk etmək istəmədik, artıq əvəzləmə limitimiz bitdiyi üçün onu meydandan çıxardıq. Sabah klub tərəfindən dəqiq açıqlama veriləcək. Hələlik ciddi bir şeyin olmadığı, sadəcə səthi gərginliyin yarandığı görünür. Zədəsinin dərəcəsi müayinədən sonra dəqiqləşəcək.

Abdullah Zubirlə ayrılıq qərarından sonra ona vida matçına çıxmağı təklif etdiniz, yoxsa o, özü imtina etdi?

– Vida matçı təklif etmədik, məsələ bir neçə günün içində həll olundu. Ümumiyyətlə, indiyədək heç bir futbolçumuza vida oyunu keçirməmişik. Həm hazırda vaxtımız yoxdur, həm də klubda belə bir ənənə formalaşmayıb. Komandamızda 10–15 il çıxış edən, buna layiq olan xeyli oyunçu olub, gələcəkdə nəzərdən keçirə bilərik. Zubir özü çox sadə, ədəbli-əxlaqlı bir insandır. Belə bir matçının təşkil olunub-olunmaması onun üçün birinci dərəcəli məsələ deyil. O, “Qarabağ”dakı iş və həyat tərzini hər zaman yüksək qiymətləndirib, futbolundan həzz alıb. Bu da onun üçün kifayətdir.

Zubirin gedişi, demək olar ki, son 10 ildə “Qarabağ”ın ən böyük ayrılıqlarından biridir. Onun yerini necə doldurmağı planlaşdırırsınız?

– Komandamızda belə ayrılıqlar çox olub. Bütün futbolçuların müəyyən karyera ömrü var, amma Zubir kimi oyunçular hər məşqçiyə nəsib olmur. O, komandada bir dəfə də olsun məşq buraxmadı, nizam-intizamı pozmadı. Təkcə zədə və ya xüsusi səbəblərdən bir neçə matçı qaçırıb. Həm meydanda, həm də geyinmə otağında sağlam atmosfer yaradırdı, işini saat kimi dəqiq görürdü. İstərdim ki, belə oyunçularımızın sayı çox olsun. Hücum xəttində axtarışlarımızı davam etdiririk. Təkcə onun mövqeyinə yox, ümumilikdə bütün xətlər üzrə yeni futbolçular nəzərdən keçiririk. Məhz Zubirin eynisi olmayacaq, fərqli keyfiyyətlərə malik futbolçu gətirib onun üstünlüklərindən yararlanacağıq. O, “Qarabağ”a çox fayda verən və məşqçi kimi mənim oyun fəlsəfəmə tam uyğun gələn bir oyunçu idi.

Cari mövsümdə, demək olarki, bütün matçlarda rotasiyalar edirsiniz. “Tvente” səfərində də belə hal təkrarlanacaq, yoxsa artıq beyninizdə əsas heyət formalaşıb?

– Rotasiya etməyə məcbur qalırıq. Planlaşdırmadığımız zədələr oldu – həm Savo, həm Elvin, həm də Sefas zədələndi. Bəzi oyunçularda da yorğunluq hiss olunur. Sabah onların vəziyyətinə baxacağıq. Səfər matçında heyətdə rotasiyalar olacaq, sadəcə, neçə nəfərin dəyişəcəyini dəqiqləşdirməmişik.

Üç gündən sonra səfər oyunu var, zədəlilər də çoxdur. Avrokubok matçı öncəsi bu çempionat oyununu təxirə salmaq haqqında düşünürdünüz?

– PFL-in qaydalarına əsasən, pley-off mərhələsində cavab oyunları ərəfəsindəki matçların tarixini dəyişməyə icazə verilir. Biz də həmin fürsətdən istifadə edəcəyik. Oyunun skeleti bəllidir, rəqibi videomateriallar vasitəsilə analiz edib tapşırıqlarımızı verəcəyik. Heyətimiz təcrübəlidir, tapşırıqları düzgün yerinə yetirəcəklərinə inanıram. Bəzi futbolçuların formadan uzaq olması komandada disbalans yaradır. Bu gün də Sefasın matçın gərginliyini sonadək hiss etməsi üçün 90 dəqiqə meydanda qalmasını istədik, amma sonra istər-istəməz gücü çatmadı. İstənilən halda sıx qrafikə öyrəşmişik və oyunları tez-tez təxirə salmaq tərəfdarı deyilik.

“Tvente”nin son oyununu izləmək üçün Niderlanda xüsusi nümayəndə göndərməyə ehtiyac gördünüz?

– Xeyr, ehtiyac yoxdur. Rəqibin oyunlarını kifayət qədər izləmişik.

Kadi Borgesin sağ cinahda oynamamasına səbəb fiziki baxımdan o mövqeyə tam hazır olmamasıdır?

– Bəzi matçlarda mövqe dəyişiklikləri edirik. Kadi hələ ki, əvvəlki idman formasından bir qədər uzaq olsa da, son vaxtlar müsbət irəliləyiş var. O, tam hazır olduqda mərkəzdə komandaya daha çox fayda verir. Ona görə hələlik həmin mövqedə şans veririk, lakin gedişatdan asılı olaraq dəyişikliklər edə bilərik.

Tribundakı azarkeşlər komandanı çempionluğa və Avropada liqa mərhələsinə səsləyirdi. Bu mövsüm şansları necə dəyərləndirirsiniz?

– Şansımız həmişə var. Komandaya göstərdikləri inam və sevgiyə görə azarkeşlərimizə təşəkkür edirəm. Həmişə yuxarı pillələrdə olmaq üçün çalışırıq. İnanıram ki, potensialımız var və daha yaxşı nəticələr əldə edə biləcəyik.