Qurbanov yeni transferlər barədə: "Potensiallarını tam açmayıblar"

Qurbanov yeni transferlər barədə: "Potensiallarını tam açmayıblar"

"Yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşırdıq. Nəticədən çox meydanda etdiklərimiz vacib idi".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Avstriya toplanışı çərçivəsində Niderlandın "Tvente" klubu ilə keçirilən yoxlama matçları haqda düşüncələrini bölüşüb:

“İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq. Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Ancaq hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi.

Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır”.

Baş məşqçi yeni transferlər Dani Bolt və Pedro Bikalyonun çıxışına da münasibət bildirib:

“Həm məşqdən-məşqə, həm də oyundan-oyuna hər şey yaxşılığa doğru gedir. Hər ikisi məsuliyyətli futbolçudur. Əlbəttə ki, hələ potensiallarını tam açmayıblar. İnanıram ki, zamanla daha yaxşı forma yığacaqlar”.

Qeyd edək ki, Ağdam klubu iki görüşdən birində "Tvente"yə qalib gəlib (3:2), digərində məğlub olub (1:2).