Şahruddin Məhəmmədəliyev: "Bundan sonrası daha pis olacaq"
"Hamı deyir ki, niyə Abbas Hüseynov klubda oynamadığı halda millidədir? Abbasdan güclü futbolçu tapın. Heç kim öz klubunda oynamır. Bu problemi müzakirə etmək istəyən də yoxdur".
"Mediasport" xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.
Qolkiper DÇ-2026-nın Fransa yığması ilə dünən Bakıda baş tutan görüşündən sonra verdiyi açıqlamalarla diqqət çəkib. "Şah" ölkə çempionatında əsas heyətdə yerli futbolçuların oynamamasından danışıb:
"Öz klubunda kimsə sağ cinah müdafiəçisi və ya yarımmüdafiəçisi mövqeyində oynayan başqa bir azərbaycanlı varmı? Tapın elə bir futbolçunu. "Turan Tovuz"da 11 legioner meydançaya çıxır. Bütün klublarda əsas heyətdə 9-10 legioner çıxış edir. I Liqada normal yerli futbolçu yoxdur...
Bunu heç kim müzakirə etmək istəmir. Lakin eyni futboçular milliyə çağırılanda deyirlər ki, niyə onu dəvət etdilər? Bəs kim çağırılsın? Kimsə var"?
31 yaşlı qapıçı qeyd edib ki, Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edildikdən sonra vəziyyət daha da pisləşib:
"Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan futbolu məhz bu limitə görə duruş gətirirdi. Biz özümüzü Belçika və ya Fransa ilə müqayisə etməməliyik. Nə Belçikayıq, nə də Fransa. Biz Azərbaycanıq, bircə peşəkar liqamız var.
Əvvəl 10 komanda var idi, indi daha 2-si əlavə olunub. Sayı 12-yə çatdırmaqla, daha çox azərbaycanlı futbolçuya şans veriləcəyi düşünülürdü. "İmişli"də neçə azərbaycanlı futbolçu oynayır? Heç bir komandanın əsas heyətində azərbaycanlı qapıçı yoxdur. Səlahət Ağayevdən başqa kim əsas heyətdə çıxış edir? Heç kim!
Hamı yaxşı olacağını düşünür. Bundan sonrası daha pis olacaq. Tunelin sonunda işıq görmürəm. Şans yoxdur".
