"Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq"

"Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq"

"Komandamız turnirdə pis çıxış etmədi. Maksimum dərəcədə ən yaxşı nəticəni qazanmağa çalışdıq. Futbolçular tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar".

"Mediasport" xəbər verir ki, bunu Azərbaycanın U-17 millisinin baş məşqçisi İlham Yadullayev deyib.

Mütəxəssis Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kubokunda Özbəkistan yığması ilə üçüncülük matçını dəyərləndirib, 1:2 hesablı məğlubiyyəti şərh edib:

“Özbəkistan millisi ilə ilk dəfə üz-üzə gəlmirdik, bizə tanış rəqib idi. Oyunlarını təhlil etmişdik, çox sürətli futbolçularının olduğunu bilirdik. Çox aqressivdirlər, topla oynamağı bacarırlar.

Buna baxmayaraq, meydana qələbə qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, bunu reallaşdıra bilmədik. Matçın startında rəqib çox aqressiv çıxış etdi, təzyiq göstərdi. Qapımıza qol da vurdular.

Birinci hissənin ortalarından etibarən oyun bərabərləşdi. İkinci hissənin əvvəlində bərabərlik qolunu da vurduq. 2-3 əsas oyunçumuzun səhhətində problem yarandığı üçün onlar performanslarını tam göstərə bilmədilər.

Buna rəğmən, komanda texniki-taktiki cəhətdən düzgün oynayırdı. Əsas narahatlığımız qol imkanlarından yararlana bilməməyimiz və müdafiə xəttində bəzi boşluqlar buraxmağımız idi”.

İlham Yadullayev U-17-nin turnirdəki çıxışından razı qaldığını bildirib:

“Üçüncü yeri tutmaq şansımız var idi. Təəssüf ki, alınmadı. Futbolçulardan razıyam. Tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar”.

Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstan (2:1) yığmalarına qalib gəlib.