"Heç olmasa, bir komandamız növbəti mərhələyə vəsiqə qazanar"

"Konfrans Liqasındakı oyunlar bizim üçün yaxşı keçmədi. Fikrimi bu cür ifadə etmək məcburiyyətindəyəm. "Araz-Naxçıvan"ın böyükhesablı məğlubiyyətini, məncə, heç kim gözləmirdi".
Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə deyib.
Hazırda məşqçilik edən 33 yaşlı mütəxəssis Konfrans Liqasındakı təmsilçilərimizin ilk oyunları haqda fikirlərini bölüşüb, cavab görüşləri üçün şanslarını dəyərləndirib.
O, "Araz-Naxçıvan"a Bakıda 4 cavabsız qol vuran Kiprin "Omoniya" klubunun çox çətin və güclü rəqib olduğunu bildirib:
"Azarkeşlər "Omoniya"nı çox da ciddi rəqib kimi qəbul etmirdilər. Matçdan əvvəl də demişdim ki, Kipr təmsilçisi çox güclü komandadır. Onlar "Araz-Naxçıvan"a qədər hər iki oyunda "Torpedo"nu (Kutaisi, Gürcüstan) məğlub etmişdilər. "Torpedo" heç də zəif komanda deyil. "Omoniya"nın avrokubok təcrübəsi çoxdur, illərdir bu yarışlarda iştirak edir, Kipr çempionatının ən önəmli komandalarından biridir. Matç başlayan kimi göründü ki, azarkeşlərin düşüncələri ilə "Omoniya"nın oyunu arasında böyük fərq var. Rəqib təmsilçimizi çox yaxşı analiz etmişdi".
Gənc çalışdırıcı bildirib ki, "Omoniya" "Araz-Naxçıvan"ın oyun üslubunu yaxşı analiz etdiyi üçün inamlı qələbə qazandı:
"Aris" "Araz-Naxçıvan"la görüşlərdən qabaq Muxtar Respublika klubunun oyun üslubuna bələd deyildi. "Araz-Naxçıvan" Yunanıstanda keçirilən oyunda döyüşdü, bəli. Amma gəlin, etiraf edək ki, orada bir az bəxtimiz də gətirdi. Meydanda azlıqda qalmağımıza baxmayaraq, turu keçən tərəf biz olduq. "Omoniya" isə "Araz-Naxçıvan"ı çox mükəmməl analiz edərək bütün mövqelərini bağlamışdı. Məncə, qələbə qazanmaqlarının ən böyük səbəbi də bu oldu. Təmsilçimizin səfərdə beş qol vuraraq qələbə qazanması yalnız möcüzə sayəsində ola bilər".
Amit Quluzadə "Sabah"ın "Levski" ilə Bolqarıstanda reallaşan ilk dueldə pis oynamadığını diqqətə çatdırıb:
"Sabah" da Avropa Konfrans Liqasında nisbətən çətin rəqiblərdən biri ilə düşüb. Buna baxmayaraq, həm hücumda, həm də müdafiədə pis təsir bağışlamadı. Oyunun taleyi Bakıda həll ediləcək. "Sabah"ın növbəti mərhələyə yüksəlmək şansı var. Üstünlük bir top fərqi ilə belə olsa, "Levski"dədir. Masazır təmsilçisini çətin oyun gözləyir, amma şansları var. "Sabah" səfərdəki matçda daha kompakt görünürdü. Müdafiədə və hücumda nə etdiyi bilinirdi. Hər iki komandamıza uğurlar arzu edirəm. Heç olmasa, bir komandamız növbəti mərhələyə vəsiqə qazanar".
Xatırladaq ki, komandalar arasında cavab qarşılaşmaları avqustun 14-də keçiriləcək.
Rövşən ƏLİSOY