"Azarkeşlərinə görə "Neftçi" deyərdim, amma..." - Koxalski

"Azarkeşlərinə görə "Neftçi" deyərdim, amma..." - Koxalski

"Çətin oyun oldu. Çünki "Araz-Naxçıvan" asan rəqib deyil, yaxşı oynayırlar. Buna baxmayaraq, sevinirəm ki, finala çıxdıq".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.

Polşalı qolkiper Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Araz-Naxçıvan"la cavab oyununu dəyərləndirib, 3:0 hesablı qələbəni şərh edib:

"Xüsusən ilk hissədə çətinlik çəkdik. Hesabı gec açmağımızın səbəbi rəqibin yaxşı müdafiə olunması idi. Hər halda sonradan 3 qol vurub inamlı qələbə qazandıq. Hədəfimiz finala çıxmaq idi, öhdəsindən gəldik".

Koxalski seçimdə üstünlüyü "Neftçi"yə versə də, vurğulayıb ki, finalda rəqibin kimliyi onlar üçün əhəmiyyət daşımır:

"Əlbəttə, azarkeşlərinə görə "Neftçi" deyərdim. Bu komandanın güclü azarkeş dəstəyi var, bəlkə bizim üçün bir qədər çətinlik yarada bilərdilər. Amma oyun baxımından fərqi yoxdur. Bizim işimiz qarşıya qoyulan tapşırıqları icra etməkdir. "Sabah" da yaxşı, maraqlı rəqibdir. Mövsümü iki titulla başa vurmaq istəyirik".

Ağdam klubunun əsas heyətində daimi yerini tuta bilməyən qolkiper çıxışlarının daha yaxşı olacağına inandığını qeyd edib:

"Ümumən perfomansımı pis qiymətləndirmirəm. Amma bilirəm ki, bu, ən yüksək həddim deyil. Daha yaxşı ola bilərəm və bunun üçün çalışacağam".

Qeyd edək ki, növbəti ölkə çempionluğunu bayram etməyə hazırlaşan Qurban Qurbanovun komandası mayın 31-də keçiriləcək Azərbaycan Kubokunun finalında "Sabah"la üz-üzə gələcək.