Qurban Qurbanov: "Belə bir halın baş verməsi yolverilməzdir"

Qurban Qurbanov: "Belə bir halın baş verməsi yolverilməzdir"

"Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, azlıqda qaldıq, amma qalib gəlməyi bacardıq. Rəqib topla yaxşı oynayır, onların qarşısını almaqda bəzən çətinliklər çəkirdik. Azarkeşlərimizə də bu havada bizi yalnız buraxmadıqları üçün minnətdarlığımı bildirirəm".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 3-cü turunun "Sumqayıt"la səfər oyunu haqda danışıb, 1:0 hesablı qələbəni şərh edib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.


Kadi Borgesin qırmızı vərəqə aldığı epizodla bağlı nə deyə bilərsiniz?

- Belə bir halın baş verməsi yolverilməzdir. Bizim futbolçular daim nizam-intizamı ilə seçilib. "Tvente" ilə matçda fikrimcə, qırmızı vərəqə yox idi, lakin bu oyunda həmin epizodda var idi. Yüngül iradlarımı da Kadiyə bildirdim. Mən nə qədər onları sakitləşdirsəm də, "Tvente" ilə matçdan sonra psixoloji gərginlik var idi və bunun olması da normal bir haldır. 

Bütün amilləri nəzərə alsanız, "Qarabağ"ın tam nə vaxt hazır olacağını düşünürsünüz?

- Buna biraz zaman lazımdır. Futbolçuların bir-birinə tam uyğunlaşması üçün vaxt gərəklidir. Oyundan-oyuna yaxşılığa doğru gedəcəyini düşünürəm.

Belə bir deyim var ki, bəzən bir addım irəli atmaq üçün 2 addım geri getmək lazımdır. Bu deyimi "Qarabağ"la uyğunlaşdırmaq olar?

- Geri addım atmağın faydası var hardasa. Amma bizim bir psixologiyamız var. Belə ki, biz istəyərək geri addım atmalı deyilik. Rəqib bizi buna vadar edir. Bəzən məcbur geri addım atırıq. Yenilənməyə ehtiyac var. Təcrübəli mütəxəssis Aleks Ferqyuson deyirdi ki, bir komandanın yenilənməsi üçün ən azı 3-4 il lazımdır. Bizdə bu vəziyyət olmasa da, müəyyən zamandan sonra yaxşılığa doğru irəliləyiş olacaq. 

"Tvente" ilə matçdan sonra bütün futbol ictimaiyyəti 2 yerə bölünmüşdü...

- Mənim sevdiyim, yaşadığım, güvəndiyim bir Azərbaycan var. 2 yerə bölünən anlayış mənim düşüncəmdə yoxdur. Vətən müharibəsindən sonra bu anlayış məndə bu fikir daha da qabardı. Fikir ayrılıqları ola bilər. Hər şey qaydasındadır. Bizim bir vəzifəmiz var - meydanda döyüşməliyik. Heç bir yazıya cavab vermək niyyətində deyiləm.