"Əlimizdə olanlardan istifadə etdik, zədəlilərimiz çoxdur"

"Bu gün qələbə qazanmaq istəyirdik. Komandamız pis təsir bağışlamadı. Əfsuslar olsun ki, qapımızda qol gördük".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib.
Mütəxəssis Premyer Liqanın 31-ci turunun "Araz-Naxçıvan"la səfər matçını şərh edib:
- Buraxdığımız qollara baxsaq, görərik ki, öz səhvlərimizdən buraxırıq. Qarşıda oyunlar var, onlara hazırlaşacağıq. Çalışacağıq ki, yaxşı nəticələr əldə edək. Bu gün 2 xal itirdik.
Gözləmək olardı ki, risk edib qələbə qazanaraq əsas rəqibinizə çatasınız. Amma etmədiniz. Niyə?
- Risk etmək istəmədik. Bu gün qalib gəlsəydik, rəqibə yaxınlaşırdıq. "Va bank" da getmək istəmədik. Qarşıda 5 tur var və hər şey dəyişə bilər. Bu gün əlimizdə olanlardan istifadə etdik. Zədəlilərimiz çoxdur. Ona görə də, risk etmədik.
Jo Batişda niyə oynamadı? Zədələnib?
- Bəli. Zədəlilərimiz çoxdur. Dünənki məşqdə də Jo ciddi zədə aldı. Əməliyyat ediləcək. Mövsümü demək olar ki, bitirib. Zədəlilər qayıtsalar, oyunumuz tamam başqa cür olacaq.