Bir çuval ənciri bərbad günə salanlar kimlərdir? - YAZI

Bir çuval ənciri bərbad günə salanlar kimlərdir? - YAZI

Ötən ay biabırçı İslandiya məğlubiyyətindən sonra Fernandu Santuşla yola davam etməmək qərarı verən AFFA rəhbərliyi qocaman portuqaliyalını bir ətək təzminatla yola salaraq Azərbaycan futboluna canıyanan göründü.

Allahtərəfi, yeni baş katib Cahangir Fərəcullayevin Reykyavikdə qeydə alınan 0:5 hesablı darmadağından sonra simasına baxanda ağır stress keçirdiyini hiss etmək olurdu.

İnisiativ alıb "Santuş getməsə, özümüz tədbir görəcəyik" açıqlaması ağızdan bədahətən çıxan fikrə bənzəsə də, açıqlamanın dərin kədərdən qaynaqlandığı anlaşılırdı.

Qısası, dirənc göstərən yeni idarəçi Santuşun məcburi qaydada külli miqdarda kompensasiya ilə göndərilməsinə nail oldu.

Bu kritik qərarla futbol camiəsində müsbət imic formalaşdıran Cahangir Fərəcullayev Ayxan Abbasovu əsas milliyə baş məşqçi gətirməklə isə ikinci "plyus"u aktivinə yazdırdı.

Təxminən 6 aylıq fəaliyyət üçün yaxşı göstərici sayıla bilər. Lakin...

Lakin elə bu Cahangir Fərəcullayevin faktiki rəhbərlik etdiyi federasiyanın ötən həftəki qərarı ilə, belə desək, bir çuval əncir bərbad günə düşdü.

Hətta sabit formada belə, futbolçu karyerası olmamış Rəşad Eyyubovun Ayxan Abbasovdan boş qalan U-21 milli komandasının başına gətirilməsi bütün ümidləri suya saldı.

Ölkənin əsas yığmasının bazası sayılan komandanın heç bir baş məşqçilik təcrübəsi olmayan sıradan birinə həvalə edilməsi birmənalı şəkildə yanlış qərar idi ki, "nəticə"sini 1 həftə keçməmiş Çexiyada aldılar - 0:5!

Karvinada darmadağına məruz qalan bu komanda cəmi 1 ay əvvəl elə dünənki heyətlə Portuqaliyada yerli həmyaşıdlarına qarşı əməlli-başlı mübarizə aparmış, Bolqarıstan yığmasından isə xal almışdı.

Dünən tək dəyişən məşqçilər korpusu idi - nəticə 0:5!

Bu, birmənalı şəkildə AFFA rəhbərliyinin, xüsusilə Cahangir Fərəcullayevin passivinə yazılmalıdır.

Çox maraqlıdır, Avropa çempionunu yola salmağı bacaran baş katib U-21-i çalışdırmağa layiq onlarla məşqçi ola-ola necə və hansı əsasla Rəşad Eyyubovun təyinatına "ok" verib? - Soruşan yox, hesab verən yox.

Çox keçməz, göydəndüşmə təyinatın da bilinməyən səbəbləri üzə çıxar. Amma o vaxt çoxdan da çox gec olacaq.

Milli komandaların şəxsi maraqlarla idarə olunmasının sonu ancaq rüsvayçı nəticələrdir. İlk siqnal Çexiyada gəldi. İstəsəniz, bu haqda düşünün bir.

Mediasport.com.az