Rəzalətin ən ÜST səviyyəsi...

Rəzalətin ən ÜST səviyyəsi...

Azərbaycanda UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının rəsmi yayımçısı "CBC Sport" kanalı dünən azarkeşlərə növbəti "sürpriz"i yaşatdı.

İzləyicilərini ara-sıra "təəccübləndirən" telekanal axşam ekran başına keçən tamaşaçılara canlı yayımda təqdim etməli olduğu çox maraqlı, vacib matçı yayımlamadı.

Avropanın bir nörməli klub yarışının ən həlledici görüşü əvvəldən elan edildiyi kimi, 23:00-da göstərilmədi.

Bu azmış kimi, telekanal heç bir açıqlama-paylaşım da etmədi. Vəziyyəti izah etsəydilər də bəraət olmayacaqdı, amma hər halda sayğı yaxşı şeydir. Olan yerdə.

İllərdir türkiyəli naməlum televiziyaçı Volkan Üstün idarə etdiyi "CBC Sport" dünən konkret "sinifdə qaldı" - bu, rəzalətin ən ÜST səviyyəsi idi...

Kanalda kifayət qədər təcrübəli həmkarımız çalışır. Orada işinin öhdəsindən peşəkarlıqla gələn həmkarımız çoxdur.

Volkan Üst məhz onların sayəsində kreslosunu möhkəmlədib, vəziyyətlərdən peşəkar əməkdaşlarına görə üzüağ çıxa bilib.

Hansı ki, o həmkarlarımızın əksəriyyəti "CBC Sport"u ən ÜST səviyyədə idarə edəcək, ora rəhbər olacaq potensialda, bacarıqdadır. Əlavə ÜSTə ehtiyac yoxdur. Zatən "işi" də göz qabağındadır.

Süni intellektin, texnoloji innovasiyanın tüğyan etdiyi dövrdə milyonlarla izləyicisinə belə hörmətsiz davranan kanalın rəhbəri - səbəb nə olur-olsun - çıxıb tamaşaçıdan üzr istəməlidir, ən ÜST səviyyədə!

Dövlətdən - dolayısı isə ölkə əhalisinin vergisi hesabına büdcəsi formalaşdırılan kanal və rəhbərliyi heç bir halda izləyicisinə hörmətsizlik edə bilməz, etməməlidir!

Mediasport.com.az