"Qarabağ"ın hegemonluğunun yersiz kölgəyə salınması cəhdləri
Neçə gündür "Sabah"ın UEFA Çempionlar Liqasında ardıcıl iki mərhələ adlaması yazılır, danışılır. Şübhəsiz, bu, 10 illik klub tarixinin ən böyük avrokubok uğurudur.
Geridə qalan müddətdə 10-dan çox baş məşqçi dəyişən "bayquşlar" illərdir xərclənən milyonların bəhrəsini, nəhayət, 2025/2026-cı illər mövsümündə verərək Azərbaycan Premyer Liqasının və kubokun qalibi oldular.
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində iştirak hüququ qazanan komanda, açıq danışsaq, rəqiblərinin də çox güclü olmamasından maksimum yararlanaraq 2 mərhələ keçdi və bununla minimum Konfrans Liqasının Liqa mərhələsini təmin etdi. İstənilən halda klub üçün yüksək nailiyyətdir.
Amma...
Amma bu nəticəni xüsusilə baş məşqçi Valdas Dambrauskasın təbiri ilə Azərbaycan futbolu tarixində fantastik və ya misilsiz hadisə kimi təqdim etmək, bunu ölkə futbolunun ən böyük nailiyyəti kimi qələmə verməyə çalışmaq, əlbəttə ki, heç bir reallığı əks etdirmir.
Ona görə ki, əvvəla, "Sabah"ın bugünkü nəticəsi son on il ərzində kluba yatırılan milyonlarlarla sərmayə hesabına qazanılıb ki, normaldır. Komanda üçün üst səviyyədə infrastruktur yaradılıb, saysız-hesabsız, bahalı transferlər edilib, 10-dan çox yerli və əcnəbi baş məşqçi gətirilib-yola salınıb.
Belə bir şəraitdə avrokuboklarda müəyyən uğur qazanılması təbii gözlənti hesab olunmalıdır.
Həmçinin "Sabah"ın Çempionlar Liqasında zəif və ortabab iki komandanı mübarizədən kənarlaşdırmasında heç bir azərbaycanlı futbolçunun ciddi əməyi-rolu yoxdur ki, buna təəssüfalənməmək mümkün deyil.
Ona görə sanki "Sabah" belə fikir formalaşdırmağa cəhd edir ki, guya Azərbaycan futbolunun avrokubok tarixçəsi məhz bu mövsümdən başlayıb. Halbuki ölkə futbolunun Avropadakı ən böyük uğurlarının müəllifi, hegemon, Azərbaycan səviyyəsində əlçatmaz "Qarabağ"dır.
Ağdam klubunun son 15 ildə əldə etdiyi tarixi nailiyyətləri, ardıcıl 12 ildən çoxdur avrokubokların qrup və liqa mərhələlərinə vəsiqə qazanmasını mövcud şəraitdə və reallıqda indən belə hansısa Azərbaycan klubu 20-30 ilə də təkrarlaya bilməz.
Məsələn, "Sabah"ın TNS və "KuPS" kimi sıradan komandalar üzərindəki qələbələri "Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Atletiko" Madrid ilə səfər matçındakı heç-heçəsi ilə müqayisə oluna bilməz.
Bəs onda "Sabah"ın bu süni haray-həşiri nəyə və kimlərə xidmət edir?
"Qarabağ" dəfələrlə Avropa Liqasının və Çempionlar Liqasının qrup mərhələlərində çıxış edib, pley-off mərhələlərinə yüksəlib, Avropanın nəhəng klubları ilə başabaş mübarizə aparıb, Azərbaycan futbolunu illərlə UEFA reytinqində irəli daşıyıb və s.
Ölkə səviyyəsində bu boyda uğurlar fonunda iki təsnifat mərhələsinin keçilməsini Azərbaycan futbolu üçün "fantastik tarix" kimi təqdim etmək istər-istəməz "Qarabağ"ın illərlə qazandığı möhtəşəm nəticələri kölgədə qoymağa çalışmaq təsiri bağışlayır.
Üstəlik, söhbət təkcə "Qarabağ"dan getmir. Vaxtilə "Neftçi" və "Qəbələ" avrokuboklarda özümüzə görə ciddi uğurlar əldə ediblər. Öz də üçüncü dərəcəli klub turnirində yox, Avropa Liqasında.
Məsələn, "Neftçi" əfsanəvi "San Siro"da "İnter" kimi dünya nəhəngi ilə bərabərə qalıb, ilk təsnifatdan qruplara qədər 4 mərhələ keçərək dünyada tarixi göstəriciyiə imza atmış "Qəbələ" isə, məsələn, adlı-sanlı "Lill"i, "Panatinaykos"u məğlub edib və s.
Və ən nəhayət, Azərbaycan futbolunda həqiqi tarix yazmış "Qarabağ", o cümlədən "Neftçi" və "Qəbələ" qrup mərhələlərinə yüksəldikləri mövsümdə heyətin azı yarısı yerli oyunçu olub. Tarix və faktlar danılmazdır.
Misal, "Qarabağ" ilk dəfə qrupa yüksələndə heyətdə Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev, Vüqar Nadirov, İlqar Qurbanov, Namiq Ələsgərov, Cavid Tağıyev, Fərhad Vəliyev, Tərlan Quliyev, Şəhriyar Əliyev, Namiq Yusifov, Hacı Əhmədov, Tural İsgəndərov və Osman Ömərov yer almışdı və bu oyunçuların 80 faizi əsas heyət üzvləri idilər.
Yaxud "Neftçi" Avropa Liqasının qrupuna düşəndə Rauf Mehdiyev, Emil Balayev, Rəşad Sadıqov, Mahir Şükürov, Elnur Allahverdiyev, Tərlan Quliyev, Ruslan Əmircanov, Elvin Yunuszadə, Araz Abdullayev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Emin Mehdiyev, Kamil Nurəhmədov, Samir Yusifov, Eşqin Quliyev, Cavid Hüseynov və İlham Allahverdiyev düşərgədə idi ki, onların da 60-70 faizi əsas heyətdə oynayırdı.
"Qəbələ"nin ilk qrup mərhələsi heyətində isə Anar Nəzirov, Arif Daşdəmirov, Ruslan Abışov, Ürfan Abbasov, Məhəmməd Mirzəbəyov, Qismət Alıyev, Murad Musayev, Rəşad Sadiqov, Elvin Camalov, Asif Məmmədov, Cavid Hüseynov, Ehtiram Şahverdiyev və Vaqif Cavadov var idi.
Bəs "Sabah"da kimlər oynayır indi? - Gəlin baxaq, komandadakı azərbaycanlılardan Amin Ramazanov, Rəvan Mirzəmmədov, Rauf Əyyubov, Tellur Mütəllimov, Rəhman Daşdəmirov, Abdulla Rzayev, Əhməd Tanrıverdiyev, Hüseyn Məmmədzadə, Xəyal Əliyev, Nicat Quliyev, Abdula Xaybulayev, Rauf Rüstəmli və Cəfər Muxtarovun arasından bu gün yalnız Rəhman Daşdəmirov "11-lik"dədir, vəssalam.
Əlavə şərhə ehtiyac yoxdur.
Təkcə bu məqam, öz də avrokubokların təsnifat mərhələlərinin Azərbaycan klubları üçün çox çətin olduğu, güclü komandalarla qarşılaşdığımız dönəmləri ilə müqayisədə aşkar fərqi göstərir.
"Sabah"ın qazandığı nəticə ilk növbədə klub adına uğurdur, bəli. Və bu, artıqlaması ilə qiymətləndirilir. Lakin süni şişirtmələrə yol vermək lazım deyil.
Bu ölkədən "Qarabağ"ın illərlə formalaşdırdığı uğurlu sistemi, inanılmaz avrokubok irsini təkrarlaya biləcək ikinci komanda çıxanda müzakirə açmaq olar.
Tarix yazmaq üçün əvvəlki səhifələri cırıb atmaq yox, onların üzərində yeni uğurlar qurmaq lazımdır.
Hətta aşağıbüdcəli "Zirə"nin də avrokuboklarda 3-4 mərhələ keçdiyini unutmaq olmaz.
AYXAN


