Taleyüklü qərar verən "Neftçi" rəhbərliyi rahat nəfəs ala bilər

Taleyüklü qərar verən "Neftçi" rəhbərliyi rahat nəfəs ala bilər

"Neftçi" 2025-ci il noyabrın sonlarında taleyüklü qərar verərək Samir Abasovu məcburi istefaya göndərəndə yorğun və bezmiş azarkeşlərində, ümumilikdə idman ictimaiyyətində milyon sual yaranmışdı.

Görəsən...görəsən...görəsən...

Klub rəhbərliyi yetərli müddət şans verdiyi baş məşqçinin getmək istəmədiyini görüb adekvat və kritik qərar çıxarmışdı. Adi qərar deyildi bu.

Bu gün "Neftçi"sevərlər tərəflər arasında müqavilədə yer alan maliyyə şərtlərinin qəpiyinə qədər ödənməsi bahasına olsa belə, çox həssas dönəmdə edilən riskin nə qədər doğru olduğundan danışır.

Bravo! Bu, "Neftçi"nin bəlkə də son 10 ildə ən düzgün seçimi idi. Geridə qalan bu müddətdə "xalq komandası"nın nə qədər bərbad idarə edildiyinin canlı şahidləriyik.

Yuri Vernidubun gəlişi..."Neftçi" başbilənlərinin nicat üçün seçimi, son ümidi möcüzələrə səbəb oldu. Ukraynalı Samir Abasovdan bərbad vəziyyətdə təhvil aldığı "Neftçi"dən yeni "Neftçi" düzəltdi.

Heyəti dəyişmədən, qışda Abasovun gətirdiklərini yola salmadan - cüzi, incə, peşəkar toxunuşlarla əsl komanda formalaşdırdı.

Vernidub həm də böhran vəziyyətində taleyüklü qərar vermiş "Neftçi" rəhbərliyinin çox kritik zamanda nə qədər doğru seçim etdiyini isbatlamış oldu.

Budur, "Neftçi" UEFA Avropa Konfrans Liqasının planlarını cızır. Samir Abasovun "quyunun dibi"nə saldığı "Neftçi" avrokuboklara hazırlaşır.

Son 18 oyunun 12-də qələbə qazanaraq keçmiş əzəmətinin bərpası istiqamətində mükəmməl performans nümayiş etdirən "Neftçi"dən gedir söhbət.

Avrokubok vəsiqəsini vaxtından əvvəl - çempion komanda ilə səfər matçında təmin edən "ağ-qaralar"da bugünkü nizam, özgüvən, hazırlıq, inam o qədər yüksək səviyyədədir ki, dünyaşöhrətli Vensan Abubakara ehtiyac duyulmur.

Azarkeşlərin illərdir həsrətini çəkdiyi "Neftçi" bu olsa gərək. Bu komanda cüzi dəyişikliklərlə növbəti mövsüm çempionluğa da oynaya bilər, oynamalıdır da!

Gücü, potensialı, imkanları, şəraiti və ən əsası klub idarəçilərindən, rəhbərlikdən lazım olan dəstək var.

"Neftçi"nin qara günlərdən günəşə boylanmasında komandadaxili birlik-bərabərliyin yüksək səviyyədə olmasının əhəmiyyətindən uzun-uzadı danışmağa dəyməz - faktiki nəticə göz qabağındadır.

Mediasport.com.az