"İnanıram ki, futbolçularımız pley-offda gözəl oyun nümayiş etdirəcəklər"
"Səbail" kimi güclü və köklü komandaya qarşı oynayacağımızı bilirdik. Onların Premyer Liqa təcrübələri də var. Güclü heyətə sahibdirlər. Adil Şükürov və köməkçiləri Premyer Liqada çalışmış mütəxəssislərdir".
Bunu "Mediasport"a açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.
Bölgə təmsilçisinin çalışdırıcısı 1-ci Liqanın 27-ci turunun "Səbail"lə matçı (4:1) barədə təəssüratlarını bölüşüb:
"Futbolçularımızı rəqibin heyətində olan hər bir oyunçu ilə tanış etmişdim. Məşqçi korpusumuza minnətdarlığımı bildirirəm.
Futbolçuları oyuna kökləyə bildik. Onlar da vəzifələrinin öhdəsindən layiqincə gəldilər.
Klubun hər bir üzvünə böyük təşəkkür düşür".
Ramiz Məmmədov "Qəbələ" ilə oynayacaqları pley-off qarşılaşması haqda da söz açıb.
O, rəqibin güclü heyətə malik olduğunu vurğulayıb:
"Pley-offda rəqibimiz "Qəbələ"dir. Çox güclü infrastruktura malik klubdur.
Heyətlərini nəzərdən keçirmişik. Önümüzdə toplantı və hazırlıq üçün 3-4 gün vaxtımız var.
Rəqibin oyunçularının hər birini futbolçularımızla tanış edəcəyik. "Qəbələ"nin həm yerli, həm də legioner futbolçuları güclüdür.
İnanıram ki, futbolçularımız gözəl oyun nümayiş etdirəcəklər. Bizi maraqlı oyun gözləyir.
Həm "Qəbələ"nin, həm də "Mingəçevir"in azarkeşlərinə uğurlar arzu edirəm".
Xatırladaq ki, mayın 28-də bu komandalar arasında Premyer Liqa uğrunda 1 matçdan ibarət pley-off oyunu baş tutacaq.


