Ehtiram Quliyev: "Elan edirəm, çempionluq yarışında olacağıq"

Ehtiram Quliyev: "Elan edirəm, çempionluq yarışında olacağıq"

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev “PeakEye” şirkəti ilə əməkdaşlıq müqaviləsi tədbirində jurnalistlərin suallarını cavablandırıb.

"Mediasport" xəbər verir ki, klub rəhbəri öncə bir daha əməkdaşlığın önəmi haqda danışıb:

"Azərbaycan futbolu üçün çox əlamətdar hadisədir. Deməli, ölkəmizdə idman inkişaf edir. Əvvəl şirkətləri cəlb etməkdə çətinlik çəkirdik. İndi maliyyə sahəsində dəstəklərimiz də artır. Sponsorluq məbləğinin gizlin qalmağını istəmədik. Bu, digər klublar üçün də stimul olacaq".


Nə üçün “Turan Tovuz” yeni mövsüm üçün hələlik cəmi iki transfer edib?

– Planlarımız, danışıqlar apardığımız oyunçular var idi. Məlum hadisəyə görə işlər dəyişməli oldu. Avrokuboklarda iştirak etmək futbolçular üçün əlavə motivasiyadır. Alınmadığı üçün planlar dəyişməli oldu. Azı daha iki transfer olacaq.

“Məlum hadisə”dən danışardınız...

– Bu gün gəlin keçmişdən yox, xoş şeylərdən danışaq. İrəli baxmalıyıq. Tədbirin mahiyyətindən biri də odur, görsünlər ki, həvəsdən düşməmişik. Elan edirəm, çempionluq yarışında olacağıq, hədəfimiz titul qazanmaqdır. Ötən ildən daha keyfiyyətli komanda görəcəyik.

“Sabah” və “Qarabağ”la bacaracaqsınız?

– Bunu düşünməsəydik, burda olmazdıq.

“Fənərbağça” ilə oyun harda və nə zaman keçiriləcək?

– Bu haqda danışıqlarımız oldu. “Fənərbağça”nın İdarə Heyəti də Azərbaycanda yoxlama oyununun keçirilməsini qəbul edib. Çox istərdik ki, oyun Tovuzda olsun, amma arenamız balacadır. Müzakirələr apardıq ki, görüş yeri bəlkə Bakıda olsun. Sentyabrın 20-dən oktyabrın 10-dək olan vaxt aralığında keçiriləcək. Çalışacağıq ki, oyun Şəhidlərin Anım Gününə təsadüf etsin. Gələn gəlirlər də xeyriyyə üçün sərf olunacaq.

Bakı Olimpiya Stadionunda ola bilər?

– Xeyr, arena hələ hazır deyil.

“Fənərbağça” ilə əməkdaşlıq bir oyunla kifayətlənəcək?

– Xeyr, oyunçu mübadiləsi, akademiyanın inkişafı, “Fenerium” mağazalar şəbəkəsinin təcrübələrindən faydalanmaq, bərabər addım atmaq kimi planlar var. Azərbaycanı beynəlxalq arenada təmsil etmiş “Turan” ilk oyununu məhz bu komandaya qarşı keçirib. Ona görə əməkdaşlığın xüsusi önəmi var.

Azərbaycan futboluna gələn sponsorlar əsas söz sahibi olmaq istəyir. Belə iddialar oldu?

– Xeyr.

Klublara sponsorlar gələndə əsas istiqamət A komanda olur. Sizdə necə olacaq?

– Paralel şəkildə olacaq. Akademiya xərclərimizə görə Azərbaycanda ilk sıralardayıq. Dövlət proqramında olan məbləğdən 4-5 dəfə artıq vəsait sərf edirik. İşləri nəzarətə götürüb daha çox fayda verməyi müzakirə edəcəyik. Kəmiyyətə yox, keyfiyyətə önəm vermək istəyirik. Bu gün oyunçu yetişdirib satmaqdan çox bölgədə futbolun populyarlaşmasını da düşünürük.

Ötən mövsüm demişdiniz ki, legioner limitinin ləğvi akademiyaya təsir edir.

– Bu dəqiqə də çox ciddi təsir edir. O qədər yaş qrupunu saxlamaq, "dubl"u qorumaq asan deyil. Limitin ləğvi klub futbolu üçün faydalıdır. Futbolumuzda ciddi problemlər var. Ancaq getdikcə inkişaf da olur, bunları görməliyik. Nəzərə almasaydıq, burda olmazdıq. Bura sponsor kimi gəlmişəm, əlavə də axtarışlarımız var. 100-dən çox qapı döymüşəm, sponsor axtarmışam. Zaman lazımdır, ümid edirəm ki, əvvəlcə klub futbolu böyüyər, 3-5 il sonra akademiyalara daha çox diqqət edilər.

İdeologiyanız nədir?

– Biz idman komandasıyıq. Belə fikir var ki, Tovuzda “Turan” adlı amerikan futbolu komandası yaratsaq, yenə azarkeşlərimiz böyük olacaq. Bizim ənənəmiz var. Klub 35 il əvvəl “Turan” adıyla yaranıb və belə davam edir.

“Məlum hadisələr” sizin düşüncələrinizə təsir edib?

– Açıq danışacam, olub. Çox düşündüm, Tovuz futbolunun ziyalılarıyla, AFFA rəhbərliyi ilə görüşlərimiz oldu. AFFA prezidenti Rövşən Nəcəfə də təşəkkür edirəm, yanımızda durdu. Düşündük ki, təslim olmayaq, davam edək.

“Sabahın ulduzları” turniri keçirilir, amma “Turan Tovuz”un komandası yoxdur.

– Yarışı Bakı Futbol Federasiyası keçirir. Bölgələri də əhatə etsəydi, iştirak edərdik.

Yeni mövsümdə Premyer Liqada hakimliklə bağlı müsbətə doğru dəyişiklik olacaq?

– Ümidimiz var, AFFA-dan istədiyimiz odur ki, avtomatik təyinatlar olsun. Proqram yaradılsın, hakimlər müxtəlif matçlara təyinat alsın. Bir hakim 5 dəfə mənə təyinat alırsa, o biri referinin problemi nədir?

Məşhur tovuzlu iş adamı İlham Rəhimov “Turan Tovuz” klubuna dəstək olur?

– Xeyr.

“Fənərbağça” ilə oyun Gəncədə keçirilə bilər?

– Müzakirələr gedir. Bəzi addımlar atmağa ehtiyacımız var. 20-30 minlik stadionda oynamağı düşünürükü.

Narazılıq var ki, “Fənərbağça” ehtiyat oyunçularla gələcək.

– Belə böyük komanda Avropa turnirlərində çıxış edir. Onlar da oynamaq üçün ancaq fasilə vaxtına razı oldu.

Kurban Berdıyevlə anlaşmanın detalları necədir?

– İki illik artırılıb. Davam edəcəyik, hədəflərimiz var. Heyətdə çox ciddi dəyişiklik etməyi düşünmürük. Çalışacağıq ki, kompleks işlər görək.

Əliyar Ağayev yenidən oyunlarınıza təyinat alsa, necə qarşılayacaqsınız?

– Normal. Azərbaycanlı hakimdir. Klublar hakimləri seçməməlidir.

Azarkeşlərə sözünüz nədir?

– Azarkeşlərimizə inanıb yola çıxmışıq. Hədəfimiz sona qədər çempionluq üçün mübarizə aparmaqdır.

Klubun “Turan” adı ilə davam etməsini arzulayırdınız. Ehtimal nə qədərdir?

– Çox az. Ehtiyat edirik, artıq suyu da içəndə diqqətli oluruq.

Avrokuboklardan kənarlaşdırma qərarı neçə müddətlikdir?

– Bir illik.