Perulu Karlos Elvinin antirekordunu yeniləyib dünyada birinci yeri tutdu
Azərbaycan milli komandası və “Qarabağ”ın Elvin Cəfərquliyevə məxsus antirekord yenilənib.
"Mediasport" xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı yeni məlumatla rəsmiləşib.
Belə ki, 2025-ci ildə Peru yığması və “Alyans Lima"nın üzvü Karlos Sambrano dünya futbolu tarixində bir təqvim ili ərzində nüfuzlu beynəlxalq klub turnirlərində 4 qırmızı vərəqə alan ilk oyunçu olub.
36 yaşlı futbolçu əvvəlcə Libertadores Kubokunda iki dəfə meydandan qovulub. Komandanın bu turnirdə mübarizəni dayandırmasından sonra Sambrano Cənubi Amerika Kubokunda (Copa Sudamericana) daha iki dəfə bu halla üzləşib.
Beləliklə, müdafiəçi oynadığı 6 beynəlxalq matçda 4 dəfə meydanı vaxtından əvvəl tərk edib. Bu oyunların yalnız ikisində o, cəzadan yayınmağı bacarıb. Qeyd edək ki, bütün hallarda qırmızı vərəqələr iki sarı vərəqənin nəticəsi olub.
Xatırladaq ki, Cəfərquliyev 2024-cü ildə UEFA Avropa Liqası turnirində 3 dəfə qırmızı vərəqə almışdı.
