"Qəbələ"nin prezidenti: "İdman prinsipinin qorunmasını vacib saymışdım, yenə bu fikirdəyəm"

Mediasport.com.az "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edir.
Uzun illər Azərbaycanın futbol elitasında yüksək yerlər uğrunda yarışan, ölkəni Avropa arenasında təmsil edən “Qəbələ” cari mövsümdən Birinci Liqada çıxış edir.
“Qırmızı-qaralar” Premyer Liqanı tərk etdikdən sonra gücünü qorumaq və yenidən əsas çempionata qayıtmaq üçün müəyyən addımlar atdı. Ki, bu da turnir cədvəlində əksini tapıb.
Lider olan komanda 13 turdan sonra 33 xal toplayıb və ən yaxın izləyicisi olan “Karvan”ı 7 xal qabaqlayır. Başqa bir məqam isə Kaxaber Çxadadzenin yetirmələrinin qapılarında top görməməsidir.
Uzun illər Premyer Liqada yüksək yerlər və titullar uğrunda yarışan “Qəbələ”nin Birinci Liqada mübarizə apardığını görmək bir rəhbər kimi necə hissdir?
- Təbii ki, “Qəbələ” kimi iddialı bir klubu aşagı liqada görmək mənə xoş deyil. Amma düşdüyümüz bu vəziyyət bizə fərqli təcrübə qazandırmaqla yanaşı, daha da mübariz olmaq üçün stimul verdi.
Qorxu var idi ki, “Qəbələ” elitanı tərk etdikdən sonra toparlana bilməsin, xüsusilə maliyyə ilə bağlı çətinliyi olsun. Məlum olduğu kimi, futbolumuzda belə nümunələr çoxdur. Amma “Qəbələ”də əksinə oldu. Stadionun ot örtüyünü yenilədiniz, Kaxaber Çxadadzeni postunda saxladınız, yerli oyunçularınızın bir neçəsini qorudunuz, legionerlər cəlb etdiniz. Bunlara necə nail oldunuz?
- Əslində qeyd etdiyiniz ot örtüyünü yerli mütəxəssislər tərəfindən və özümüzə məxsus olan texnikalar vasitəsi ilə dəyişdiyimiz üçün ciddi bir vəsait tələb olunmurdu. Bu işin görülməsi üçün büdcə daha əvvəldən nəzərdə tutulmuşdu. Akademiyada isə xeyli dəyişiklik etmək məcburiyyətində qaldıq. Ümid edirəm ki, növbəti mövsümdən akademiyamızın əvvəlki vəziyyətində fəaliyyət göstərməsi üçün lazım olan şəraiti yarada biləcəyik.
2022/23 mövsümünün sonunda həm Azərbaycan Kubokunun qalibi oldunuz, həm də Premyer Liqada dördüncü olub avrokuboklara vəsiqə qazandınız. Ancaq düz bir il sonra hər şey fərqli və gözlənilməz sonluqla nəticələndi, “Qəbələ” elitanı tərk etdi. Belə eniş necə yaşandı? Bunu təhlil etmisiniz?
- Burda bizdən asılı olan və olmayan bir neçə səbəb var. Çünki komanda yaxşı nəticə göstərəndə onun oyunçularına digər klubların maraq göstərməsi, futbolçuların daha yuxarı maliyyə şərtləri tələb etməsi, həmin şərtləri başqa yerlərdə tapması başa düşüləndir. Biz də maliyyə şərtlərinin limitli olmasına baxmayaraq, onları buraxmamaq üçün xeyli çalışdıq. Digər klubların şərtləri daha yuxarı olduğu üçün oyunçuları saxlamaq çətin oldu. Avropa kuboklarına hazırlaşdığımız üçün isə vaxtımız çox az idi və istədiyimiz keyfiyyətdə seleksiya apara bilmədik. Görünür, bu, ən vacib məqam oldu.
- AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra Premyer Liqada komanda sayının artırılmasına qərar verildi. Lider olmağınızı, lisenziya tələblərinə cavab verdiyinizi nəzərə alsaq, üç vəsiqədən birinin “Qəbələ”nin olacağı ehtimalı olduqca yüksəkdir. “Qəbələ”nin Premyer Liqaya qayıdışı necə olacaq? Planlar necədir? İddialı “Qəbələ”ni yenidən görə biləcəyik?
- Hələ qarşıda 14 oyun var, ona görə indidən danışmaqla tələskənliyə yol vermiş olarıq. Mövsümün əvvəlində qarşıya qoyulmuş məqsədə çatmaq üçün son oyuna qədər mübarizə aparacağıq. Bu məsələni həll edək, ondan sonra digərləri haqda danışmaq olar.
Legioner limiti ləğv olunur. Bu, o deməkdir ki, Premyer Liqada rəqabət yüksələcək. Klub olaraq hansı strategiyanı seçəcəksiniz? Komandadakı yerli oyunçuların aqibəti necə olacaq?
- Bilirsiniz ki, “Qəbələ” klubu yarandığı gündən gənc futbolçuların yetişdirilməsinə, azərbaycanlı futbolçuların üzə çıxarılmasına, milli komandalara qədər yüksəlməsinə xüsusi önəm verib. Maliyyənin azaldığı vaxtlarda belə, bu sahədə hansısa axsama olmasına imkan verməmişik. Bu strategiyamıza yenə də sadiq qalacağıq və yerli gəncləri yetişdirmək əsas məqsədimiz olacaq. Amma təbii ki, müasir futbolda legioner futbolçusuz komanda təsəvvür etmək çətindi və bizdə də əcnəbi oyunçular olacaq. Burda da daha potensiallı və klubumuza uzun müddət xeyir verə biləcək legionerlərin cəlb edilməsinə xüsusi diqqət yetirəcəyik.
Hazırkı məşqçilər korpusu ilə Premyer Liqada da davam etmək istəyirsiniz? Planlar və fikirlər üst-üstə düşür?
- Keçən mövsüm məşqçiləri dəvət edəndə Birinci Liqaya düşəcəyimiz halda hansı addımları atacağımızı müzakirə etmişdik. Hadisələrin gedişi də göstərdi ki, nəzərdə tutduğumuz planlar öz axarı ilə davam edir və fikirlərimiz üst-üstə düşür. Ona görə də Premyer Liqaya yüksələcəyimiz təqdirdə hansısa dəyişiklik olmayacaq.
Klubun maliyyə ilə bağlı durumu necə olacaq? Dövlətin 3 milyon manatlıq yardımından başqa vəsait, dəstək, sponsor olacaqmı?
- Premyer Liqaya vəsiqə qazanacağımız halda burada çıxış etmək üçün lazım olan büdcəni formalaşdırmaq məcburiyyətindəyik.
AFFA “Qəbələ”yə akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması ilə bağlı qərar qəbul etmişdi. Həmin vəsait ötən ilin sonuna qədər sizə ödənməmişdi. Bununla bağlı yenilik var?
- Bununla bağlı bizimlə əlaqə saxlayıblar və İcraiyyə Komitəsi bu ilin büdcəsində ödənişi təsdiqləyib. Çox güman ki, yaxın vaxtlarda ödəniş həyata keçiriləcək.
Premyer Liqada bu mövsüm sonuncu olacaq komandanın aqibəti bəlli deyil. Ötən il “Qəbələ” sonuncu olmuşdu. Səmimi olsaq, heç kim belə bir klubun aşağı dəstəyə düşməsini istəmirdi. Lakin idman prisinsiplərinin qorunması baxımından vacib idi. 2 mövsümdür ki, bu ənənə var, sonuncu yeri tutan klub elitanı tərk edir. Bu da çempionatda rəqabət, maraq yaradır. İndi isə Premyer Liqada sonuncu yerin sahibinin divizionda 3-cü olan komanda ilə pley-off oynaması təklif edilir. Siz necə düşünürsünüz, idman prinsipi baxımından bu ədalətli olarmı?
- Hələ keçən mövsümün sonu bu barədə, yəni “Qəbələ”nin düşmək ehtimalı yüksək olanda mənə sual veriləndə də idman prinsipinin qorunmasını vacib saymışdım! Bu gün də bu fikirdəyəm! (Publika.az)