Millimizin sabiq üzvü Rusiya klubunun məşqçisi təyin edildi

Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayev Rusiyanın "Ximki" klubundan ayrılıb.
"Mediasport"a verilən məlumata əsasən, Premyer Liqa təmsilçisində baş məşqçinin köməkçisi olan sabiq "Neftçi"li karyerasını elə Rusiyada davam etdirəcək.
52 yaşlı mütəxəssis 2-ci Liqanın B Divizionunda mübarizə aparan "Nart" klubunda işləyəcək.
Ağayev Qaraçay-Çərkəz vilayətinin komandasında məşqçilər korpusunda yer alacaq. O, həm də klubun akademiyasının koordinatoru vəzifəsini icra edəcək.
"Nart" liqada son mövsümü 44 xalla 9-cu pillədə başa vurub.
1994-2005-ci illərdə yığmamızın heyətində 65 oyun keçirmiş veteran müdafiəçi Rusiyada daha əvvəl "Ximki"dən başqa "Anji", "Dağdizel", "Domodedovo", "Volqa", həmçinin "Səbail" klublarında çalışıb.