"Ağır oyun olacaq, ancaq "Qarabağ" asan təslim olacaq komanda deyil"

"Ağır oyun olacaq, ancaq "Qarabağ" asan təslim olacaq komanda deyil"

"İşlərim qaydasındadır, futboldan uzaq sahədə çalışsam da, hərdən baxıram. Bəzən niyə futbolla məşğul olmadığımı soruşurlar, belə alındı".

Bu sözləri "Mediasport"a açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç deyib.

2007-2013-cü illərdə yığmamızın heyətində 40 oyun keçirmiş serbiyalı hücumçu özü üçün biznes qurduğunu bildirib:

"Karyeramı başa vuran kimi bizneslə məşğul olmağa başladım. Futbol sahəsindən uzaq işdir. Bəzən Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərə də qatılıram".

Azərbaycanda "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ"da forma geyinmiş veteran forvard ölkəmizdəki sonuncu klubunun avrokuboklarda çıxışlarını izlədiyini qeyd edib:

"Qarabağ"ın oyunlarını izləyirəm, maşallah, çox yaxşı nəticələr əldə edirlər. Qarşıda "Liverpul"la çətin matçları var. Dostum məni Liverpula dəvət etmişdi, təəssüf, şəxsi işlərimdən dolayı gedə bilməyəcəm.

Çox ağır oyun olacaq. Ancaq hamıya məlumdur ki, "Qarabağ" asan təslim olacaq komanda deyil. "Liverpul" görüşün favoriti sayılsa da, 2Qarabağ"ın layiqli mübarizə aparacağına inanıram. Məşqçilər heyəti çox əla kollektiv qurublar. Onlara görə çox şadam".