"Qarabağ" asanlıqla məğlub ediləcək rəqib deyil" - Arne Slot
"Rəqibin heyətində sürətli futbolçular var. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil".
"Mediasport" xəbər verir ki, bu sözləri sabah UEFA Çmepionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olacaq "Liverpul"un baş məşqçisi Arne Slot deyib.
Niderlandlı mütəxəssis 8-ci tur çərçivəsində "Enfild"də keçiriləcək görüşdən öncə baş tutan mətbuat konfransında sabahkı duel haqda düşüncələrini bölüşüb:
"Topla istədikləri kimi davranırlar. Bu mövsüm Çempionlar Liqasında "Çelsi" ilə 2:2 hesablı bərabərə qalmaqları onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur.
Bu mövsüm turnirdə bütün rəqiblərimiz güclüdür. Bizim hədəfimiz Liqa mərhələsini ilk "dördlük"də bitirməkdir".
Zədəlilərin çoxluğundan gileylənən Slot komandasının "Qarabağ"a qarşı yaxşı hazırlaşdığını qeyd edib:
"Qalib gəlmək istəyirik, lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"la oyunda əsas heyətin 11 futbolçusunu ehtiyatda saxlaya bilməzdim.
Amma "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim".
"Liverpul" - "Qarabağ" qarşılaşması sabah gecə Bakı vaxtilə saat 00:00-da başlanacaq.
