AFFA rəhbərliyi Lənkəran, Masallı, Biləsuvar, Cəlilabad və Salyanda
AFFA rəhbərliyi bir neçə rayona səfər edib.
"Mediasport" xəbər verir ki, federasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov cənub bölgəsinə səfər çərçivəsində futbol infrastrukturunun vəziyyəti ilə yerində tanış olublar.
Səfər Biləsuvar və Cəlilabadda başlayıb. AFFA rəsmiləri orada Olimpiya İdman Komplekslərini və yerli stadionları yoxlayaraq mövcud şərait və inkişaf imkanları barədə məlumat alıblar.
Daha sonra Lənkəran Olimpiya İdman Kompleksinə baş çəkilib. AFFA nümayəndələri Kütləvi Futbol Turniri çərçivəsində uşaqlar arasında Beynəlxalq Futbol Gününə həsr olunmuş yarışı izləyiblər.
AFFA tərəfindən iştirakçılara futbol topları və formalar hədiyyə olunub. Səfər zamanı müxtəlif qurum və yerli nümayəndələrlə bir sıra faydalı görüşlər keçirilib.
Cənub turu Ərkivan qəsəbə stadionu və Masallıda yerləşən Anatoli Banişevski adına stadiona aparılan baxışlarla davam edib.
Səfərin sonunda AFFA rəsmiləri Salyan Olimpiya İdman Kompleksində mövcud infrastrukturla tanış olublar.
