"Santuşun millidən getməsi futbolçulara motivasiya verəcək"

"Santuşun millidən getməsi futbolçulara motivasiya verəcək"

"Rəqib komandanın baş məşqçisinin bu gün postundan ayrılması bizim oyunumuza da yəqin ki, təsir edəcək. İstənilən halda bu matça ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabah çətin oyun olacaq. Ümid edirəm ki, futbolçularımız bu mətbuat konfransına qulaq asmayacaqlar"

"Mediasport" xəbər verir ki, bunu Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov deyib. 

O, DÇ-2026-nın seçmə qrup mərhələsinin Azərbaycanla oyunundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Sabah meydanda öz gücümüzü göstərməyə çalışacağıq. Baş məşqçi Fernandu Santuşun Azərbaycan millisindən getməsi yəqin ki, rəqib komandanın futbolçularına xüsusi motivasiya verəcək. Onlar da qələbə üçün meydana çıxacaqlar. Lakin biz 3 xalı qazanan tərəf olmaq istəyirik".

Rebrov Azərbaycan yığmasının zəif rəqib olmadığını qeyd edib:

"Oyunlarına, xüsusən də İslandiya ilə matçın ilk hissəsınə baxdım. Azərbaycan yığmasının çox zəif oynadığını düşünmürəm. Mütəşəkkil oynadılar, amma təəssüf ki, şans yaratmadılar. Biz hər şeyi edəcəyik ki, futbolçular bunu başa düşsünlər və ilk dəqiqədən nəticə əldə etməyə çalışsınlar".

Sabah "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.