Ay "Sumqayıt", vay "Sumqayıt"...
"Sumqayıt" ciddi böhran yaşayır. Klubdan bunu etiraf edən olmasa da, millətin gözünün içinə baxa-baxa yalan danışmaq mümkün deyil.
Düzdür, hazırda "Gənclik şəhəri" təmsilçisinin rəhbərliyi "ağ yalanlar"ı azarkeşə satmaq üçün Saşa İliçi qabağa verib. Serbiyalı baş məşqçi də hələlik həqiqətin kölgəsində nağıl danışmaqla məşğuldur.
Bəlkə də idman ictimaiyyətinin bu yalanlara inandığını zənn edirlər. Lakin təkcə yanvardan bu yana olan nəticələrə baxsaq, komandanın necə fiasko yaşadığını görə bilərik.
Heç bir maliyyə çətinliyi, maddi sıxıntısı, infrastruktur problemi olmayan "Sumqayıt" 2026-cı ildə Premyer Liqada yalnız bir matçda qələbə qazanıb!
O da iki aydan bir az o tərəfə - yanvarın 30-da. Öz də liqanın aşkar autsayderi "Karvan-Yevlax" üzərində. Əsl reallıq bax budur!
Martın 7-də həmin bu "Karvan-Yevlax"la səfər qarşılaşmasında qeydə alınan 1:1 hesablı nəticədən sonra isə təşkil edilən mətbuat konfransında Saşa İliçin səsləndirdiyi absurd fikirlər bu gün də ironiya ilə qarşılanır.
Serb demişdi ki, strategiyamızı dəyişmək qərarı vermişik və bundan sonra akademiya gənclərinə şans verəcəyik.
Onadək və ondan sonra akademiyadan əsas komandada olan 2-3 gənc zatən oynayırdı və indi də oynamaqda davam edir.
Yəni İliçin açıqladığı "strategiya" söhbətindən sonra yeni ad-sima görməmişik. Əlbəttə ki, uğursuzluğu etiraf etməmək üçün yaxşı nağıl, gülməli bəhanə idi.
Komanda yanvardan indiyədək Premyer Liqada 11 oyun keçirib, nəticə cəmi 5 xaldır - 1 qələbə, 2 heç-heçə.
Ardıcıl 10 görüşdür qalibiyyət üzünə həsrət qalan komandanın heyətində hər oyunda meydana orta hesabla 8 legioner çıxır! Nə strategiyabazlıqdır belə?
"Sumqayıt" ilk dövrədə yığdığı xalları xərcləyir. Yoxsa əminliklə demək olar ki, qışdan sonra çempionatın ən zəif bəndidir və yanvaradək əldə edilən xallar olmasaydı, bu gün turnir cədvəlinin "zirzəmi"sində qərarlaşacaqdılar.
Normal imkanlar qarşılığında komandanın belə bərbad nəticələri, əlbəttə, klubun idarəçi-meneceri Riad Rəfiyev və Müşahidə Şurasının problemidir. Qalstuk taxıb ortada boş gəzməklə deyil.
Elə zənn etməsinlər ki, həqiqətin üstünü mücərrəd sözlərlə ört-basdır edə bilərlər.
Dövlətdən ayrılan milyonlarla vəsaitin də haqq-hesabı olacaq. Zamanı-vaxtı var.
Böyük şəhərin tək komandasının niyə və necə bu qədər sürətlə üzüaşağı yuvarlanmasının səbəblərini müəyyən etməsələr, güman ki, yayda komandada qlobal dəyişikliklərin şahidi olacağıq.
Əsas odur ki, ənənəvi - azərbaycansayağı formatda təkcə baş məşqçi "qurban" verilməsin.
Elvin ƏHƏD
