"Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi"

 "Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi"

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rui Jorje Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə Qəbələ şəhər stadionunda keçirilən yoldaşlıq oyunundan (0:1) sonra federasiyanın mətbuat xidmətinə fikirlərini bildirib.

"Mediasport" xəbər verir ki, portuqaliyalı mütəxəssis yığma komandanın hazırlığından danışıb:

"Futbolçularımız istəkli idilər, çox səy göstərdilər. Amma göründü ki, daha çox inkişaf etməli, daha keyfiyyətli oynamalıyıq.

Təbii ki, yağışlı havada çıxış etmək o qədər də rahat deyil. Ancaq hər iki komanda üçün vəziyyət eyni idi.

Futbolçuların oynama əzmi və mübarizəsi xoşuma gəldi. Performansımızı artırmağa, gündən-günə daha yaxşı olmağa çalışacağıq".

Baş məşqçi fasilədən sonra birdən-birə 9 əvəzetməyə əl atmasına aydınlıq gətirib:

“Bütün futbolçuları meydanda görmək istəyirdik. Buna görə də ikinci hissəyə 9 əvəzetmə ilə başladıq.

Oyunçuların bir-birlərini necə başa düşdüklərini, nədə çətinlik çəkdiklərini bilmək üçün onlara şans vermək lazımdır”.

Rui Jorje millinin oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşünə hazır olacağını deyib:

“Vüsal Paşayev istisna olmaqla digər futbolçuların hər biri 45 dəqiqə meydanda oldu. Bu səbəbdən Yaponiya ilə matça yorğun çıxacağımızı düşünmürəm.

Üstəlik, nəzərə alaq ki, dünya çempionatında da matçlar üç gündən bir olur. Bunlara hazır olmalıyıq”.

Qeyd edək ki, oktyabrın 6-da saat 16:00-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Yaponiya qarşılaşması “CBC Sport”un YouTube kanalı vasitəsilə canlı yayımlanacaq.